Düşənbədə Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar mərasim keçirilmişdir
Düşənbə, 23 fevral (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyi Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Tacikistan Xarici İşlər Nazirliyinin təmsilçiləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında geniş məlumat vermiş, 20 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalının yerlə-yeksan edildiyini bildirmiş, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələrin amansızlıqla qətlə yetirildiyini qeyd etmişdir. İ.Zamanov “Xocalıya ədalət” kampaniyası haqqında danışmış, dünya ölkələrində Xocalı soyqırımının tanınması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Qafqaz Müsəlmanları İdarəsi, Bakıdakı pravoslav, yəhudi və katolik konfessiyalarının Xocalı soyqırımı ilə bağlı dünya xalqlarına, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara ünvanlanmış müraciətləri iştirakçılar arasında yayılmışdır.
Səfirlik tərəfindən rus və ingilis dillərində nəşr edilmiş “Xocalı soyqırımına tarixi ədalət” kitabçası da tədbirin iştirakçılarına paylanılmışdır.
Sonra “Dağıdılmış şəhər” sənədli filmi nümayiş etdirilmişdir.
Düşənbədəki avesta.tj və toptj.com saytlarında Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar geniş materiallar verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə