Düzgün ixtisas seçimi uğurlu karyeranın təməlidir
Bakı, 13 may, AZƏRTAC
Gənc nəslin şəxsi inkişafına dəstək məqsədilə keçirilən tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə Şərur Rayon Mədəniyyət Sarayında ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Düzgün ixtisas seçimi uğurlu karyeranın təməlidir” adlı seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Naxçıvan MR Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazirliyin əməkdaşı Valeh Mahmudov tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə danışaraq bildirib ki, gənc nəslin bilik və bacarıqlarının, dünyagörüşlərinin inkişafına zəmin yaradılması prioritet istiqamətlərdəndir.
NDU Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov universitetdə tələbələrin keyfiyyətli təhsili üçün yaradılmış əlverişli şərait barədə məlumat verib, bu imkanlarla nail oluna biləcək uğurlar barədə fikirlər səsləndirib.
Sonra seminara start verilib.
Seminara NDU-nun Keyfiyyətin təminatı bölməsinin müdiri Sevinc Kərimovanın təlimçilik edib. O, düzgün ixtisas seçimi ilə bağlı fikirlərini slayd vasitəsilə auditoriyaya çatdırıb.
Diskussiya formatında davam edən tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, ixtisas seçimi zamanı yaranan tərəddüdlər və psixoloji gərginliyə qarşı müxtəlif həll üsulları təklif olunub.