Əbu-Dabi 14-cü Dünya İslam İqtisadi Forumuna ev sahibliyi edəcək
Bakı, 1 noyabr, AZƏRTAC
2024-cü il fevralın 6-8-də Əbu-Dabi İqtisadi İnkişaf Departamentinin (ADDED) ev sahibliyi edəcəyi 14-cü Dünya İslam İqtisadi Forumu (WIEF) keçiriləcək.
AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, İslam dünyasının bu mötəbər iqtisadi tədbirində qlobal çağırışları həll etməklə davamlı gələcəyin formalaşdırılması, yeni imkanların araşdırılması və sosial-iqtisadi inkişafa təkan vermək üçün ən son innovativ strategiyalar və həll yolları müzakirə ediləcək.
2005-ci ildə WIEF Fondu tərəfindən dünyanın hər yerindən yüksək səviyyəli hökumət rəsmiləri, akademiklər və biznes liderləri arasında dialoqu və bilik mübadiləsini gücləndirmək üçün təsis edilmiş Forum nüfuzlu liderləri, siyasətçiləri, alimləri və sənaye ekspertlərini bir araya gətirəcək.
Əbu-Dabi Milli Sərgi Mərkəzində (ADNEC) “Qlobal İqtisadi Gündəm: Davamlı Gələcəyin Formalaşdırılması” mövzusunda keçiriləcək Forumun təşkilatçısı - WIEF Fondunun sədri Sayed Hamid Albar bildirib ki, üç gün davam edəcək tədbir zamanı iştirakçılar bu günün və sabahın iqtisadiyyatına təsir edən əsas mövzuları əhatə edən müzakirələrdə iştirak etmək imkanı əldə edəcək, həmçinin qabaqcıl texnologiyaların və rəqəmsal transformasiyanın rolu, qlobal iqtisadiyyatın əsas hərəkətvericiləri və Asiya iqtisadi güc mərkəzlərinin artan rolu ətrafında fikir mübadiləsi aparacaqlar.
Foruma 80 ölkədən 2500-dən çox iştirakçının, o cümlədən Mərkəzi Asiya, Yaxın Şərq, Asiya-Sakit Okean regionu və digər ölkələrin liderləri, nüfuzlu ekspertlər, iri şirkətlərin rəhbərləri və media nümayəndələrinin qatılacağı gözlənilir.
Forumun panel müzakirələri ESG, yaşıl iqtisadiyyat və İslam maliyyəsi, ərzaq təhlükəsizliyi, “Halal” sənaye, gənclərin və qadınların biznesdə rolu, ticarət əlaqələri, investisiya imkanları və iqtisadi artım üçün texnologiyaya əsaslanan həllər mövzularına həsr olunacaq.