Ədəbiyyat İnstitutu 2021-ci il üçün elmi-tədqiqat işlərinin planını təsdiq edib
Bakı, 30 yanvar, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildə ilk onlayn iclası keçirilib. İclasda şuranın üzvləri, institutun şöbə müdirləri ilə yanaşı, Türkiyədən Yaqub Dəliöməroğlu və Tatarıstandan Daniya Zaqidullina da iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Elmi şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra o, türk dünyası və Azərbaycanla ədəbi-mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə görə hər iki qonağın institut tərəfindən mükafatlandırıldığını bildirib. Akademik əlaqələrimizin daha da güclənəcəyini və “Qardaş qələmlər” dərgisinin may nömrəsinin Azərbaycana həsr olunmasının əməkdaşlığa böyük töhfə verəcəyini deyib. Tatarıstanda Nizami Gəncəvinin təbliği sahəsində görülən işlərin miqyasının genişlənəcəyinə əminlik ifadə olunub.
Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina türk dünyası ölkələrinin əlaqələrinin genişləndirilməsində və Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlərə görə institutun “Fəxri doktoru”, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Dəliöməroğlu isə Türkiyədə və türk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə institutun “Fəxri dostu” adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əlavə edib ki, Yaqub Dəliöməroğlu AYB tərəfindən də təltif edilib. Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitabının çap edilməsində Yaqub Dəliöməroğlunun xüsusi əməyi olub.
Qonaqlar göstərilən böyük etimada görə minnətdarlıqlarını bildiriblər. Yaqub Dəliöməroğlu onun hekayələr kitabının Türkiyədən öncə ilk dəfə Azərbaycanda çap olunduğunu qeyd edib, “Nizami Gəncəvi İli”ndə dahi şairin adını daşıyan bir elm ocağından belə bir təltifə layiq görülməsinin qürurverici olduğunu bildirib.
Sonra Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov 80 illik yubileyi ilə əlaqədar olaraq təbrik edilib və “Fəxri fərmanla” təltif olunub.
“İlin gənc alimi - 2020” nominasiyasına Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, Ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Səma layiq görülüb.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “Copernicus” sisteminə və Türkiyədə fəaliyyət göstərən “ASOS indeks” sisteminə daxil edildiyi haqqında məlumat verib.
Gündəlikdəki digər məsələlər, o cümlədən “Nizami Gəncəvi İli” çərçivəsində qarşıda duran vəzifələr, “Qarabağ ədəbi mühiti” monoqrafiyasının planı, müəlliflər heyətinin müəyyənləşdirilməsi, institutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planı, çap məsələləri və s. müzakirə olunaraq təsdiqlənib.