Ədliyyə Akademiyasında 53 vəkilliyə namizədlə icbari təlimə başlanılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam edir. Bu məqsədlə hazırda tam şəffaf və obyektiv şəkildə ixtisas imtahanları keçirilir.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, noyabrın 29-da yazılı və şifahi imtahanlarda uğur qazanmış 53 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.
İcbari təlimin ilk günündə keçirilən tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vəkilliyə namizədlərə uğurlar arzulayıb. O, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini bildirib.
Sədr İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris ediləcəyini, icbari təlimdə 53 vəkilliyə namizəddən 27-nin qadın, 26-sının isə kişi, onlardan 86 faizinin 40 yaşadək olduğunu söyləyib.
O, təlimdə qadınların bu peşəyə maraqlarının getdikcə artdığını, o cümlədən Azərbaycanda qadınların hüquqlarının yüksək səviyyədə qorunduğunu vurğulayıb.
Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması sahəsində görülən işlər, onların yenilənməsi, müasirləşməsi və təkmilləşməsi barədə məlumat verib. Sədr son illər tədris prosesində dəyişikliklər edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli proqramın mövcudluğunu qeyd edib.
Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığını yüksək qiymətləndirən Anar Bağırov kollegiyada 300-ə yaxın vəkil köməkçisinin fəaliyyət göstərdiyini və gələcəkdə onların da test üsulu ilə qəbul edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə Anar Bağırov Kollegiyanın son altı ildə gördüyü işlər, apardığı islahatlar, bir çox beynəlxalq təşkilatlara üzv olmağı, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlığından danışıb.
Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Prezidentin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının əhəmiyyətindən bəhs edib. Bu Sərəncamın ilk dəfə vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyənləşdirdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu bildirib.
Azərbaycanın Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklər barədə danışan A.Bağırov vəkillərin dövlət hesabına hüquqi yardımların könüllü həyat keçirdiyini diqqətə çatdırıb.
Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova çıxış edərək təlimlərin əsas məqsədinin vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsi olduğunu ifadə edib.
Tədbirdə Vəkillər Kollegiyasının sədrinin "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.