Ehsan Zahidov: Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq keçirilməsinin qarşısı alınacaq
Bakı, 15 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Müsavat” və “ReAL” partiyaları, D18 hərəkatı və bir neçə müstəqil namizədin seçkilərin nəticəsinə dair etiraz olaraq fevralın 16-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında planladıqları aksiya ilə bağlı açıqlama yayıb.
E.Zahidov AZƏRTAC-a açıqlamasında bildirib ki, onlar mitinq keçirmək niyyətləri barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Orada onların müraciətinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, ötən gün mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Onlara müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq ediliblər. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək”.
DİN-in mətbuat xidmətinin rəisi, həmçinin vurğulayıb ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək.