“Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji layihələrin icrasını uğurla davam etdirir
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən şirkətin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planı çərçivəsində Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) mədən ərazilərində ekoloji layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, 2010-cu ildən başlayaraq QSC-nin torpaqların rekultivasiyası departamenti Hacı Zeynalabdin Tağıyev adına NQÇİ-nin 2-ci mədən ərazisində 10 hektaradək sahədə neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsini uğurla başa vurmuşdur. Həmin sahədə 11 min 300 ədəddən çox müxtəlif növ ağac və bəzək kolları əkilmiş və yaşıllıqlara aqrotexniki xidmət göstərilmişdir.
2011-2012-ci illərdə isə NQÇİ-nin 4-cü mədən ərazisində neftlə çirklənmiş torpaqların rekultivasiyası işləri yerinə yetirilmişdir.
Cari ildə isə QSC NQÇİ-nin 1-ci mədən ərazisində (Qala sahəsi) yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsinin icrasına başlamışdır. Cari ilin yaz mövsümündə torpaqların rekultivasiyası departamentinin 1-ci sahəsinin kollektivi tərəfindən NQÇİ-nin 1-ci mədən ərazisində (Elektrosex) 3 mindən çox, idarənin inzibati binasının ərazisində isə 2 minədək müxtəlif ağac növləri əkilmişdir.
Hazırda bu ərazidə əkinə qədər olan ağaclar da daxil olmaqla 6 minə qədər müxtəlif ağac növlərinə aqrotexniki xidmətlər göstərilir.