CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 5 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən sentyabrın 5-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ucar Gənclər Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Muxtar Babayev və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.