Ekspert: Dövlət büdcəsindən verilən subsidiyalar ərzaq bazarında qiymətlərin kəskin dəyişməsinin qarşısını alır VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Neft-qaz, enerji qiymətlərinin artması, dünya ərzaq bazarına iki istiqamətdə təsir göstərir. Birincisi bu, nəqliyyat-logistika və daşıma xərclərini artırmaqla məhsulun maya dəyərini yüksəldir. Həm məhsulun istehsal xərci, həm də hazır məhsulun satış və daşıma xərcləri artır. İkinci təsir isə xüsusən kənd təsərrüfatı məhsullarının maya dəyərinin əhəmiyyətli elementi olan gübrə məhsullarının qiymətinin bahalaşmasıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, enerji sektorunun əsas məhsullarından olan gübrənin maya dəyərinin formalaşmasında neft-qaz qiymətləri mühüm rol oynayır. Bu baxımdan yəqin ki, yaxın aylarda ərzaq qiymətlərində qiymət dəyişkənlikləri müşahidə edəcəyik. Ancaq aprel ayının sonuna olan statistika FAO-nun elan etdiyi ərzaq qiymətləri indeksinə baxanda görürük ki, gübrə qiymətlərinin dəyişməsi və daşıma xərclərinin artması hələlik ərzaq bazarında qiymətlərə əhəmiyyətli təsir göstərməyib və o demək deyil ki, yaxın aylarda bu, baş verməyəcək. Biz həm gübrə qiymətlərinin artmasını, həm də daşınma xərclərinin artmasının ərzaq qiymətlərinə təsirini müşahidə edəcəyik. Ərzaq komponentləri üzrə hər birinin fərqli səbəbləri qiymətləri hərəkətləndirib. Bəzi məhsullar üzrə qiymətlər artsa da, bir sıra məhsullar üzrə azalma var. Məsələn, ət, taxıl, duru yağ qiymətləri bahalaşsa da, eyni zamanda, şəkər və süd məhsullarının qiymətlərində ucuzlaşma var.
Ekspert qeyd edib ki, Azərbaycanda qida sənayesi həm xammal və materiallar qida əmtəələrinin alınması baxımından dünya bazarından, idxaldan asılıdır, eyni zamanda, da bir sıra məhsullar var ki, onlar birbaşa olaraq hazır məhsul şəklində qlobal bazarlardan, regional qonşu dövlətlərdən idxal olunur. Bütün bunlar, yerli istehsalın özünün də xərclərinin artması və idxal olunmuş hazır məhsulun qiymətinin yüksəlməsi ümumi ərzaq inflyasiyasının sürətlənməsinə gətirib çıxaracaq. Mərkəzi Bank bütün bunları nəzərə alaraq inflyasiya gözləntilərini 5,7 faizdən 5,9 faizə yüksəldib və eyni zamanda bildirib ki, qiymətlərin yuxarı istiqamətdə dəyişməsinin reviziyası mümkündür, yəni qiymətlər daha yüksək ola bilər: “Burada məsələ ondan ibarətdir ki, qiymətin daha sürətlə artmamasının əsas səbəbləri içərisində Mərkəzi Bankın apardığı pul-kredit siyasəti durur. Eyni zamanda, burada manatın stabil məzənnəsi də əhəmiyyətli rol oynayır. Neft Fondunun ehtiyatları və valyuta bazarının müdaxilələri də burada əhəmiyyətli faktordur. Bundan başqa, kənd təsərrüfatının bir sıra sahələrində inkişafın əldə edilməsi və dövlət büdcəsindən verilən subsidiyalar ərzaq bazarında qiymətlərin kəskin dəyişməsinin qarşısını alır. Bundan başqa, Dövlət Ehtiyatları Agentliyi vasitəsilə bir sıra əhəmiyyətli ərzaq məhsullarının ehtiyatını da formalaşdırıb ki, bu, qiymətlərin kəskin tərəddüdünə və defisitinə mane olan amildir. Yəni ehtiyatların formalaşması, manatın stabilliyi, valyuta gəlirlərinin mövcudluğu, valyuta fondunun əhəmiyyətli rezervlərə malik olması ölkəmizin hazırkı təlatümlü dövrdə hər hansı ciddi problemlə qarşılaşmamasını təmin edən əsas amillərdəndir”.