Azərbaycan Universitetində XXXII “Məzun günü”
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Universitetində XXXII “Məzun günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin, həmçinin universitetin şəhid məzunlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva qeyd edib ki, “Məzun günü” tələbəlik həyatının başa çatması ilə yanaşı, həm də yeni bir həyat mərhələsinin başlanğıcıdır. Bu gün universitetdən məzun olan gənclər sabah ölkənin müxtəlif sahələrində inkişafın aparıcı qüvvəsinə çevriləcək, onların əldə edəcəkləri hər bir uğur universitet üçün qürur mənbəyi olacaq. Rektor məzunları təbrik edərək sürətlə dəyişən dünyada rəqabətqabiliyyətli olmağın yolunun ömürboyu təhsil, fasiləsiz öyrənmək və daim yenilənməkdən keçdiyini vurğulayıb. O, universitetin keyfiyyətli təhsil mühiti yaratmaq səylərini qeyd edərək, gənclərin gələcəkdə də cəmiyyətə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev, Akademik məsləhət və elektron universitet şöbəsinin müdiri Afiq Nadirov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Təbrik nitqlərinin ardından dördillik tələbəlik dövründə ictimai fəallığı ilə seçilən və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan 16 məzuna fəxri fərmanlar təqdim olunub.
Biznes və iqtisadiyyat fakültəsinin Beynəlxalq ticarət və logistika ixtisasının məzunu, eyni zamanda, universitetin əməkdaşı olan Şəhriyar Qəribov təhsilini ən yüksək nəticə ilə başa vuraraq Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üzrə birincisi olub. Adını universitetin tarixinə yazdıran Şəhriyar Qəribov şəklini “Universitetin fəxrləri” lövhəsində yerləşdirib və məzunlar adından çıxış edib. O, universitetdə keçirdiyi illərin şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib, qazandığı uğurda böyük əməyi olan universitet rəhbərliyinə, müəllimlərinə və daim yanında olan həmkarlarına təşəkkürünü bildirib.
Rəsmi hissənin sonunda məzunların ifasında Azərbaycan Universitetinin himni səsləndirilib. Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Universitetini bu il bakalavriat və magistratura səviyyələri üzrə 800-ə yaxın məzun bitirir. “Məzun günü” tədbiri onların tələbəlik illərinə yekun vurmaqla yanaşı, yeni həyat və karyera mərhələsinin başlanğıcını da simvolizə edir.