Bakı–Brüssel xəttində yeni mərhələ: Azərbaycan artıq Avropa üçün strateji zərurətdir ŞƏRH
Bakı, 3 iyul, AZƏRTAC
Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin keçirdiyi görüş və mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığını nümayiş etdirdi. Bu, sadəcə növbəti diplomatik görüş deyildi. Son aylarda Avropa İttifaqı rəhbərliyinin ən yüksək səviyyədə ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik” fikri son illərin geosiyasi reallığının siyasi təsbitidir. Həqiqətən də əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, daha sonra isə Ursula Fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmi açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsidir. Prezident İlham Əliyev təsadüfi olaraq bildirmədi ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.
“Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Növbəti beş-altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisinin istehsalına imkan verəcək müqavilələrin imzalanması Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək iddiasını gücləndirir. Xəzərin küləyi və Azərbaycanın günəşi artıq Avropanın enerji balansının gələcək elementlərindən biri kimi qiymətləndirilir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir”, - deyə deputat bildirib.
Müsahibimiz diqqətə çatdırıb ki, görüşün digər strateji istiqaməti nəqliyyat və logistika idi. Dünyada ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xətləri Azərbaycanın əhəmiyyətini daha da artırır: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır və ölkə buna uyğun olaraq liman, dəmir yolu və logistika infrastrukturuna milyardlarla investisiya yatırır. Bu gün Avropa üçün Cənubi Qafqaz artıq Asiya ilə birləşdirən strateji qapıdır. Məhz buna görə Avropa Komissiyası regionun nəqliyyat, enerji və rəqəmsal bağlantısını gücləndirmək məqsədilə 200 milyon avroluq yeni təşəbbüs elan edib”.
Deputat bildirib ki, diqqətçəkən ən mühüm siyasi mesajlardan biri də sülh prosesi ilə bağlı idi: “Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıq qurulub və Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlar atır. Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının “Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur” fikri əslində Azərbaycanın yeni regional strategiyasının mahiyyətini ifadə edir. Burada diqqətçəkən başqa məqam Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsidir.
Bütün bunların fonunda Bakı ilə Brüssel arasında münasibətlərin mahiyyəti dəyişir. Bir neçə il əvvəl əsas müzakirə mövzusu enerji tədarükü idisə, indi gündəlikdə ticarət, yaşıl enerji, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik, sülh və uzunmüddətli iqtisadi inteqrasiya dayanır. Avropa Komissiyasının yeni hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək niyyətini açıqlaması da bunun göstəricisidir.
Bu görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq Avropa üçün sadəcə enerji ixrac edən ölkə deyil. O, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir.
İyulun 1-də Bakıda verilən mesaj isə aydın idi: Avropa ilə Azərbaycan arasında münasibətlər artıq keçmişin ehtiyacları üzərində deyil, gələcəyin ortaq maraqları üzərində qurulur”.