Cənubi Qafqazda həyata keçirilən layihələr Avropa İttifaqı üçün strateji maraq kəsb edir ŞƏRH
Bakı, 3 iyul, AZƏRTAC
Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri olduqca mühüm geosiyasi məqamda baş tutdu. Bu səfəri bir neçə istiqamətdən qiymətləndirmək olar.
Birincisi, Avropa İttifaqı hazırda ciddi çağırışlarla üz-üzədir. Avrasiya məkanında nəqliyyat dəhlizləri, enerji marşrutları və təbii resurslar uğrunda rəqabət getdikcə güclənir. Yaxın Şərqdə baş verən hadisələr, eləcə də Rusiya–Ukrayna müharibəsinin davam etməsi regionun geosiyasi mənzərəsini daha da mürəkkəbləşdirib. Belə bir şəraitdə Avrasiyanın mərkəzindən keçən nəqliyyat yollarının gələcəyi xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib: "Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri göstərdi ki, Avropa İttifaqı bəzi qurumların siyasi yanaşmalarından fərqli olaraq, Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsini və strateji tərəfdaşlığın inkişafını zəruri hesab edir.
Bakıda keçirilən danışıqların yekununda Prezident İlham Əliyevin və Ursula Fon der Lyayenin verdikləri bəyanatlar da təsdiqlədi ki, tərəflər çoxşaxəli və uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə ediblər".
Əməkdaşlığın əsas istiqamətlərindən birinin enerji sahəsi olduğunu xatırladan politoloq vurğulayıb ki,
Avropa İttifaqı Azərbaycanın təbii qazının etibarlı tədarükçüsü kimi roluna xüsusi önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
"İkinci mühüm istiqamət nəqliyyat layihələridir. Səfər çərçivəsində Avropa İttifaqının nəqliyyat infrastrukturunun inkişafına maliyyə dəstəyi göstərməyə hazır olduğunu ifadə etməsi diqqət çəkdi. Bu, prinsipial əhəmiyyət daşıyan məsələdir. Çünki indiyədək "Nabucco", TAP və Bakı–Tbilisi–Qars kimi layihələrə münasibətdə müxtəlif yanaşmalar müşahidə olunurdu. İndi isə nəqliyyat dəhlizlərinin inkişafına maliyyə dəstəyi ilə bağlı konkret siyasi iradənin nümayiş etdirilməsi yeni mərhələnin başlandığına işarədir.
Bu yanaşma onu da göstərir ki, Avropa İttifaqı Orta Dəhlizin, eləcə də Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyətini düzgün qiymətləndirir. Həmin marşrutların açılması yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi əhəmiyyət daşıyır. Buna görə də Cənubi Qafqazda həyata keçirilən layihələrə həm siyasi, həm də iqtisadi dəstəyin göstərilməsi Avropa üçün strateji maraq kəsb edir.
Üçüncü istiqamət alternativ və bərpaolunan enerji sahəsidir. Görünən odur ki, neft və qaz sahəsində olduğu kimi, yaxın illərdə yaşıl enerji layihələri üzrə də Azərbaycan–Avropa əməkdaşlığında uğurlu dinamikanın şahidi olacağıq", - deyə Z.Məmmədov qeyd edib.
O əlavə edib ki, Avropa Komissiyası Prezidentinin Azərbaycana səfəri tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini bir daha dəqiqləşdirdi. Qarşıdakı dövrdə əldə olunmuş razılaşmaların praktiki mərhələyə keçməsi və konkret layihələrin həyata keçirilməsi gözlənilir.