Altay Hacıyevin yaradıcılığında Natəvan mövzusu sənətşünas baxışında
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 3 iyul, AZƏRTAC
Xalq rəssamı Altay Hacıyevin “Şairə Natəvan” (1989) əsəri Natəvan mövzusunda yaradılan ən dərin fəlsəfi kompozisiyalardan biridir. Kompozisiyanın mərkəzində şəlalə kənarında əyləşmiş və əlində kitab tutmuş Natəvan təsvir olunub. Ətraf mühitlə insan arasında qurulan əlaqə əsərin əsas ideya xəttini təşkil edir. Şəlalə burada xüsusi məna daşıyır. Su axını həyatın davamlılığını, zamanın keçiciliyini və ilhamın tükənməzliyini ifadə edir. Natəvanın şəlalə ilə yanaşı təsviri onun yaradıcılığının daimi axarını xatırladır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.
Əsərdə istifadə olunan bənövşəyi, mavi və açıq qızılı tonların romantik ovqat yaratdığı diqqətə çatdırılıb. “Rənglər təbiətin real görünüşünü verməkdən daha çox mənəvi vəziyyəti ifadə etməyə xidmət edir. Natəvan burada Qarabağ təbiətinin ayrılmaz hissəsi kimi görünür. Sanki şairə ilə təbiət arasında sərhəd aradan qalxır”, - deyə o əlavə edib.
Altay Hacıyevin “Xurşidbanu Natəvan” əsəri barədə də məlumat verən A.Xəlilov deyib: “Bu əsərdə rəssam Natəvanın yalnız üz hissəsini təsvir edib. İlk baxışda sadə görünən bu yanaşma əslində dərin psixoloji məna daşıyır. Portretin əsas yükü gözlər üzərində cəmlənib. Böyük və işıqlı gözlər tamaşaçı ilə birbaşa ünsiyyət yaradır. Burada xarici oxşarlıqdan daha çox mənəvi halın ifadəsi vacibdir. Rəng həllində ağ, yaşıl və açıq mavi tonların istifadəsi obrazı sanki dumanlı xatirəyə çevirir. Natəvan konkret tarixi şəxsiyyət olmaqdan çıxaraq milli tariximizin poetik simasına çevrilir. Portretdəki qeyri-müəyyən konturlar və yumşaq keçidlər obrazın xəyalvari təsirini daha da gücləndirir”.
Müxbir – Fidan Əlizadə