Fransa Burkina Fasodakı diplomatik fəaliyyətini yenidən təşkil edəcək
Paris, 3 iyul, AZƏRTAC
Fransa Burkina Faso ilə diplomatik münasibətlərin kəsilməsindən bir neçə gün sonra bu ölkədəki diplomatik fəaliyyətini yenidən təşkil edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin rəsmisi Qlenn Salik məlumat verib.
O bildirib ki, Paris hazırda Burkina Fasodakı diplomatik mövcudluğunu yeni şəraitə uyğunlaşdırır. Onun sözlərinə görə, dəyişikliklərin detalları hələ açıqlanmır, lakin yaxın vaxtlarda bu barədə əlavə məlumat veriləcək. Qlenn Salik, həmçinin Fransanın Uaqaduqudakı səfirliyinin bağlanıb-bağlanmayacağı və diplomatik heyətin taleyi ilə bağlı hər hansı açıqlama verməyib.
Fransa Burkina Faso hakimiyyətinin diplomatik münasibətləri kəsmək qərarını nəzərə aldığını, lakin bu addımı əsassız və düşmənçilik xarakterli hesab etdiyini bildirib.
Burkina Faso hərbi hakimiyyətinin Fransanı son terror hücumlarında iştirakda ittiham etməsinə cavab olaraq, Qlenn Salik bu iddiaları qəti şəkildə rədd edib. O vurğulayıb ki, səsləndirilən ittihamlar tamamilə yalandır.
Fransa nümayəndəsi ölkəsinin Sahel bölgəsində mülki şəxslərə qarşı törədilən bütün terror aktlarını və zorakılıqları qətiyyətlə pislədiyini bir daha bəyan edib. O, həmçinin xatırladıb ki, Fransa ordusunun bölgədəki fəaliyyəti vaxtilə yerli hakimiyyətlərin müraciəti əsasında həyata keçirilib və sonradan müvafiq dövlətlərin suveren qərarları ilə hərbi qüvvələr geri çəkilib.
Sonda Qlenn Salik bildirib ki, Paris terrorizmlə mübarizə sahəsində əməkdaşlıq etmək istəyən region ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır.