Ekspert: Pik saatlarda yüklənmə probleminin azaldılması üçün ictimai nəqliyyat düzgün şaxələndirilməlidir
Bakı, 8 may, AZƏRTAC
Pik saatlarda ictimai nəqliyyatın yüklənməsi probleminin azaldılması üçün əsas istiqamətlərdən biri ictimai nəqliyyatın daha düzgün şaxələndirilməsidir.
Bu barədə AZƏRTAC-a nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd nəqliyyat növləri arasında düzgün koordinasiya yaratmaqdır.
“Məsələn, metrodan çıxan sərnişin avtobusun onu gözlədiyini görməli və asanlıqla marşruta keçə bilməlidir. Eyni zamanda, sifariş edilən taksinin də qısa müddətdə gələcəyi təmin olunmalıdır. Bu sistem düzgün qurularsa, sərnişinlərin gözləmə vaxtı azalacaq və ümumi hərəkət daha rahat olacaq. Avtobus zolaqları adətən yeni yolların tikintisi hesabına deyil, mövcud avtomobil yollarının bir hissəsi hesabına təşkil edilir. Yəni hazırda istifadə olunan yollarda avtobuslar üçün ayrıca hərəkət zolaqları ayrılır və bu, ictimai nəqliyyatın daha sürətli işləməsinə imkan verir. Lakin bunun üçün əlavə körpü və ya tunel inşasına ehtiyac yoxdur”, - deyə ekspert vurğulayıb.
Aslan Əsədov, həmçinin bildirib ki, taksi xidmətlərinin də ictimai nəqliyyat sistemində rolu yenidən qiymətləndirilməlidir: “Taksilər də ictimai nəqliyyatın bir hissəsi kimi nəzərdən keçirilə və onların fəaliyyəti xüsusi proqramlarla tənzimlənə bilər. Bu, sistemin daha səmərəli işləməsinə kömək edər. Avtobus zolaqlarının əsas üstünlüyü onların böyük sərnişin axınını daha sürətli və fasiləsiz şəkildə daşımaq imkanına malik olmasıdır. Bu da ümumilikdə şəhər nəqliyyatında yükün azaldılmasına xidmət edir”.