Ekspert: Vergi Məcəlləsinə dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycanda rəqəmsal xidmətlər bazarının genişlənməsi xarici elektron ticarət platformalarının vergiyə cəlb olunması məsələsini də aktuallaşdırır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformalarının illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. Yeni mexanizmin sentyabrın 1-dən qüvvəyə minməsi ilə rəqəmsal xidmətlər üzrə ƏDV-nin dövlət büdcəsinə ödənilməsi təmin ediləcək. Artıq “Anthropic”, “Aghanim”, “eBay Marketplaces” və “Netflix International” şirkətləri ƏDV məqsədləri üçün vergi uçotuna alınıb.
İqtisadçı ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında deyib ki, bu dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir. Çünki bu şirkətlər Azərbaycan bazarına daxil olaraq ölkəmizdə gəlir əldə edirlərsə, vergi də ödəməlidirlər. Azərbaycanda müəyyən dövriyyə formalaşdıran xarici rəqəmsal platformaların vergi öhdəliyinin yaranması tamamilə normaldır.
O qeyd edib ki, söhbət 10 min dollarlıq dövriyyədən gedir: “İllik 10 min dollara qədər dövriyyəsi olan şirkətlər bu mexanizmdən kənarda qalır. Bu həddin müəyyənləşdirilməsi həm inzibatçılıq, həm də kiçikhəcmli xidmətlərin əlavə yükə məruz qalmaması baxımından məqsədəuyğundur. Ümumilikdə isə vergi bazası genişlənəcək”.
Ekspertin sözlərinə görə, rəqəmsal xidmətlərin həcmi ildən-ilə artır və bu sahədə yaranan dövriyyənin vergiyə cəlb olunması artıq zərurətə çevrilir: “Hazırda süni intellekt, avtomatlaşdırma, onlayn ticarət və digər rəqəmsal xidmətlər sürətlə inkişaf edir. Bu sahələr böyüdükcə dövriyyə də artır və həmin gəlirlərin vergiyə cəlb olunması vacib məsələyə çevrilir. Eyni zamanda, bu dəyişiklik statistik göstəricilərin yaxşılaşmasına da imkan verəcək. Hansı sahədə xidmət göstərilirsə, orada iqtisadi dəyər yaranır və həmin dəyərin uçotunun aparılması vacibdir”.
“Hesab edirəm ki, yeni mexanizm nəticəsində büdcə gəlirlərinin artması ilə yanaşı, ƏDV-nin toplanması və vergi inzibatçılığı da təkmilləşəcək. Vergi daxilolmalarının artması dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi yaradacaq. ƏDV-nin toplanması və inzibatçılığı yaxşılaşacaq. Eyni zamanda, bazarda fəaliyyət göstərən şirkətlər üçün daha bərabər vergi qaydaları formalaşacaq. Yerli platformalar vergi ödədiyi halda, xarici platformaların vergi ödəməməsi rəqabət baxımından düzgün yanaşma deyildi. Yeni mexanizm bu fərqi aradan qaldıraraq rəqabət şərtlərinin bərabərləşməsinə və sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək”, - deyə X.Kərimli əlavə edib.