ƏLAQƏLƏNDİRMƏ MƏRKƏZİ YARADILMIŞDIR
Bu münasibətlə sentyabrın 9-da Bakı Biznes Mərkəzində keçirilmiş mərasimi nazirliyin aparatının rəhbəri Samir Vəliyev açmış və demişdir ki, mərkəzin Nizamnamə və Əsasnaməsi hazırdır. Həmin sənədlər Asiya İnkişaf Bankında və digər qurumlarda müzakirə olunmuşdur. Onların yenidən işlənməsi və təkmilləşdirilməsi zəruriyyəti, mərkəzin statusu, tərkibi, funksiyaları bugünkü müzakirələr zamanı sizin söyləyəcəyiniz təkliflərə əsasən müəyyənləşdiriləcəkdir.
Dünya Bankının nümayəndəsi Səidə Bağırova, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının sədri Çingiz Məmmədov və başqaları çıxış edərək bildirmişlər ki, mərkəz Azərbaycanda fəaliyyət göstərən, Azərbaycana sərmayə qoyan beynəlxalq maliyyə qurumları və ölkənin iqtisadi potensialı haqqında geniş məlumat verəcəkdir. Natiqlər mərkəzin tərkibi, gələcək fəaliyyəti haqqında təkliflərini də bildirmişlər.
Qərara alınmışdır ki, mərkəzə daxil olan və olmayan qurumlar onun gələcək fəaliyyəti barədə təkliflərini bir həftə müddətində İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.