ELEKTRİK SAYĞACLARININ İŞİNƏ MÜDAXİLƏ EDİLMƏSİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, may ayında Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy elektrik paylayıcı şəbəkələrini əhatə edən “Şəmkir Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə elektrik sayğaclarının işinə müdaxilə hallarının azalması meyli müşahidə olunmamışdır.
Ötən ay elektrik enerjisindən istifadə qaydalarının 102 dəfə pozulması faktı aşkar edilmişdir. Bununla əlaqədar, istehlak olunmuş elektrik enerjisinin haqqının məcburi qaydada ödənilməsi üçün müvafiq aktlar tərtib olunmuş, itirilmiş 552 min kilovat-saat elektrik enerjisinin haqqı bərpa edilmiş, həmin məbləğin 52 faizi isə artıq ödənilmişdir.
Bütövlükdə, ötən 5 ayda RET-də 820 pozuntu faktı qeydə alınmış, müvafiq aktlar tərtib edilmiş, 9,7 milyon kilovat-saatdan yuxarı elektrik enerjisi itkisinin istehlak dəyəri bərpa olunmuşdur.
Hazırda yenidənqurma işləri aparılan müəssisədə 57 transformator, 260 transformator məntəqəsi, 155 kilometr uzunluğunda müxtəlif gərginlikli elektrik xətləri təmir olunmuşdur.