“Elektron hərrac” sistemi təqdim edilib YENİLƏNİB
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Respublika Xammal və Əmtəə Birjasının (RXƏB) təşkilatçılığı ilə “Elektron hərrac” sisteminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, hərracların təşkili layihəsinin rəhbəri Nurlan Həsənli RXƏB barədə danışıb. Bildirib ki, 1996-cı ildə yaradılmış RXƏB fəaliyyəti dövründə kənd təsərrüfatı, ərzaq, sənaye məhsullarının istehlakçıya çatdırılmasında mühüm rol oynayır, daşınmaz əmlakın alqı-satqı prosesində birjanın nəzdində ixtisaslaşdırılmış hərrac təşkilatları vasitəçilik xidməti göstərir. Bazarın ehtiyaclarını nəzərə alaraq, göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə birjanın tərkibində hərrac mərkəzləri yaradılıb. Bu yaxınlarda Respublika Xammal və Əmtəə Birjası Belarus Universal Əmtəə Birjası ilə müqavilə imzalayıb. Digər ölkələrlə də əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.
Qeyd edilib ki, birja şəffaflığın, operativliyin təmin olunması, hərrac iştirakçılarının hərrac keçirilən məkana gəlmədən, yəni məsafədən asılı olmayaraq hərrac prosesində iştiraka şərait yaratmağın əsas yollarından biri elektron hərracların keçirilməsidir. Bu məqsədlə RXƏB Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın nəticəsində elektron hərracların keçirilməsi sistemi yaradılıb. Respublikada həyata keçirilən hərracların elektron formada təşkili istiqamətində qurulan platforma dövlət vətəndaş münasibətlərinin yeni müstəvidə inkişaf etdirilməsinə, şəffaflığın təmin edilməsinə, həmçinin vətəndaş məmnunluğuna səbəb olacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin departament müdiri Fərid Vəliyev "ASAN xidmət" və onun həyata keçirdiyi elektron hökumət siyasəti, elektronlaşma sahəsində göstərdiyi xidmətlər, eləcə də RXƏB tərəfindən yaradılmış elektron hərraclarda istifadə olunan məhsullar barədə məlumat verib.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Pərviz Zəkəriyyəyev qeyd edib ki, elektron hərracın keçirilməsi Avropanın bir sıra ölkələrində, o cümlədən Litva və Bolqarıstanda geniş tətbiq olunur. Ədliyyə Nazirliyinin əməkdaşları həmin ölkələrdə səfərdə olub, elektron hərracın keçirilməsi qayda və şərtləri barədə məlumatlandırılıblar. Elektron hərracın bir sıra üstünlükləri var. Elektron hərracların keçirilməsi ilə şəffaflığa, hərrac iştirakçılarının hüquqlarının qorunmasına, operativliyin təmin edilməsinə nail olunacaq. RXƏB nəzdində fəaliyyət göstərən hərrac təşkilatları uzun müddətdir Ədliyyə Nazirliyinin icra qurumları ilə səmərəli əməkdaşlıq edir. Elektron hərracın fəaliyyəti başlaması ilə bir sıra mövcud çətinliklərin aradan qaldırılması təmin olunacaq, alıcıların hərraclara cəlb edilməsi istiqamətində fəal iş aparılacaq.
Sonda “birjanews.az” saytı təqdim olunub. Məlumat verilib ki, sayt test rejimindədir və 10 gün sonra istifadəyə veriləcək. Hər kəs birjada keçirilən hərracların onlayn izləyə bilər. Birja bazar iqtisadiyyatının aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalların alışı və satışında azad bazar münasibətlərini formalaşdırır, süni qiymət artımının qarşısını alaraq azad rəqabətə şərait yaradır.