ELM, TƏHSİL, MƏDƏNİYYƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR BİRGƏ PROTOKOL İMZALANMIŞDIR
Mədəniyyət sahəsində əməkdaşlıq haqqında 1995-ci il 22 dekabr tarixli sazişə uyğun olaraq, noyabrın 4-6-da Drezden şəhərində Almaniya-Azərbaycan qarışıq komissiyasının ikinci iclası keçirilmişdir. Alman nümayəndə heyətinə səfir, AFR Xarici İşlər Nazirliyi Mədəniyyət və təhsil idarəsi rəisinin müavini xanım Qabriele fon Halem, Azərbaycan nümayəndə heyətinə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev başçılıq edirdi.
Üç gün davam edən danışıqlar və məsləhətləşmələr zamanı tərəflər elm, təhsil və mədəniyyət sahəsində Almaniya-Azərbaycan əməkdaşlığının vəziyyətini müzakirə etmiş, gələcək iş üçün yeni təkliflər hazırlamış, əlaqələrin daha da genişləndirilməsi və təkmilləşdirilməsinə dair növbəti birgə protokol imzalamışlar.
AFR tərəfi Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan üçün hər il təqdim etdiyi təqaüdlərin sayını daha da artıraraq, təbiət elmləri və mühəndislik, o cümlədən meşə və kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan azərbaycanlı tələbələrin tələbə mübadiləsi üzrə Beynəlxalq Assosiasiyanın proqramı çərçivəsində AFR-in sənaye müəssisələrində, ali məktəblərində və elmi tədqiqat idarələrində 2-3 aylıq təcrübə keçmələri üçün vasitəçilik etməyi təklif etmişdir.
DAAD ali məktəb müəllimlərinin rəhbərlik etdiyi tələbə qruplarının Almaniya səfərlərinin təşkili, habelə respublikamızın ali məktəblərinin sorğusu əsasında Azərbaycana alman mütəxxəssislərinin göndərilməsi barədə də təklif irəli sürmüşdür.
Azərbaycan tərəfi alman tələbələri qafqazşünaslıq, Azərbaycan dili, tarixi və ədəbiyyatı, şərqşünaslıq ixtisasları üzrə qısa və ya tammüddətli təhsil almaq üçün Azərbaycanın ali məktəblərinə qəbul etməyə hazır olduğunu bildirmişlər.
Almaniya tərəfi Azərbaycanda alman dilinə olan böyük marağı və onun tədrisinin vəziyyətini yüksək qiymətləndirmiş, öz imkanları çərçivəsində bunu təşviq tədbirləri ilə dəstəkləməyə hazır olduğunu bildirmişdir.
Tərəflər musiqi, teatr, sərgilər sahəsində əməkdaşlığı davam etdirməkdə həmrəy olduqlarını bildirmiş, xüsusilə incəsənət xadimləri, musiqi ansamblları və kollektivləri, muzey mütəxəssisləri və mədəniyyət institutları arasında əlaqələri təşviq etməyin zəruriliyini vurğulamışlar. Azərbaycan tərəfi ölkəmizdə Almaniya, AFR-də isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini təklif etmişdir.
Gənclərə iş sahəsində çalışan mütəxəssislər də daxil olmaqla, gənclər mübadiləsini, idman sahəsində əlaqələri inkişaf etdirmək barədə də razılıq əldə olunmuşdur.
Komissiyasının növbəti - üçüncü iclasının Azərbaycanda keçirilməsi qərara alınmışdır.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Drezden-Berlin