Elm və təhsil naziri Qusarda vətəndaşlar ilə görüşüb
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də elm və təhsil naziri Emin Əmrullayev Qusarda vətəndaş qəbulu keçirib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin və direktorların işə qəbulu, təhsilverənlərin yerdəyişməsi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.