Elmi-tədqiqat məqsədləri üçün 2 ton nərə cinsli balıqların ovlanmasına icazə verilib
Bakı, 2 fevral, AZƏRTAC
Ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən balıqçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq 9 hüquqi və 146 fiziki şəxsə balıq ehiyatlarından sənaye məqsədi ilə istifadə etmək hüququ verilib.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə 317 ton kilkə, 115,3 ton siyənək və 364.65 ton axçalı balıqların ovuna kvotalar ayrılıb. Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 2.1 ton nərə cinsli, çəkikimi balıqların artırılması ilə məşğul olan zavodlar tərəfindən törədici balıqların tədarükü və hipofiz hazırlanması (törədici balıqların cinsi yetişkənliyə çatmasını sürətləndirmək) məqsədilə 7,7 ton çəkikimilərin ovuna kvotalar ayrılıb.
Elmi-tədqiqat məqsədləri üçün 2 ton nərə cinsli balıq növlərinin ovlanmasına icazə verilib.
Ötən il departament tərəfindən müstəqil və su nəqliyyatında polis idarəsinin əməkdaşlarının iştirakı ilə 246 qanun pozuntusu aşkar edilib. 103 nəfər şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilərək barələrində 92 protokol və 154 akt tərtib edilib. Bioloji resurslara vurulmuş ziyanla bağlı 40667 manat məbləğində iddia, 5700 manat məbləğində cərimə tərtib edilib.
Tədbir görülməsi üçün rayon məhkəmələrinə 3, hüquq-mühafizə orqanlarına isə 86 iş göndərilib. 4 işə inzibati qaydada departament tərəfindən baxılıb.