Elmin İnkişafı Fondu layihələrin yerinə yetirilməsinin monitorinqini aparmağın xüsusi mexanizmini işləyib hazırlamışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) layihələrin yerinə yetirilməsinin monitorinqini aparmağın xüsusi mexanizmini işləyib hazırlamışdır.
Bunu fondun icraçı direktoru Elçin Babayev AZƏRTAC-a müsahibəsində bildirmiş və demişdir ki, EİF Azərbaycanda elmin inkişafına təkan vermək məqsədi ilə həyata keçirilən layihələri qrantlar vasitəsilə maliyyələşdirir.
Fond layihələrin yerinə yetirilməsinin gedişini izləməyin və onların monitorinqini aparmağın xüsusi mexanizmini işləyib hazırlamışdır. Xüsusilə də, böyük maliyyə həcmli layihələrin yerinə yetirilməsi prosesinə nəzarət özünü tamamilə doğruldur. Bu baxımdan, seminarlar şəklində həyata keçirilən aralıq hesabatların dinlənilməsi olduqca vacibdir. Digər əhəmiyyətli məsələ isə böyük miqyaslı beynəlxalq konfransların təşkilidir. Adətən, bu cür konfranslara layihənin yerinə yetirildiyi sahə üzrə tanınmış xarici alim və mütəxəssislər dəvət olunurlar. Onlar layihə üzrə alınmış nəticələri yerli alimlərlə birlikdə müzakirə edir və dünyada həmin elm sahəsində əldə olunmuş nəticələrlə bağlı məlumat verirlər. Bu cür tədbirlər zamanı elm adamları səmərəli fikir mübadiləsi aparır, qarşılıqlı əməkdaşlıq haqqında razılığa gəlirlər. Bir sözlə, aralıq hesabatların və son hesabatların dinlənilməsinin bu formatda keçirilməsi, eyni zamanda bir neçə məqsəd daşıyır və özünü tamamilə doğruldur.
EİF layihələrin yerinə yetirilməsinin monitorinqini, hər bir layihənin xarakterindən, qarşıya qoyduğu məsələdən asılı olaraq, iki istiqamətdə həyata keçirir. Əməkdaşlar elmi institutlara gedərək yerində yoxlamalar aparırlar, yaxud layihə rəhbərləri, icraçılar fonda dəvət olunur və burada xüsusi metodologiya ilə monitorinq aparılır.
Vurğulanmışdır ki, fondun fəaliyyətində prioritet istiqamətlərdən biri də elmi cihaz, avadanlıq və qurğular parkının tamamilə yenilənməsidir. Çünki bu cür müasir cihazlar olmadan rəqabətə davamlı nəticələr əldə etmək mümkün deyildir. EİF həmin cihazlarda işləməyi bacaran kadrların hazırlanması məqsədi ilə pilot layihələr çərçivəsində mütəxəssislərin xarici ölkələrin tanınmış elmi müəssisələrinə göndərilərək orada qısamüddətli təcrübə keçməsini də maliyyələşdirir.
E.Babayev demişdir ki, bu təcrübəni gələcəkdə də davam etdirəcəyik. Bu, həm fond üçün, həm də layihə rəhbərləri və icraçılar üçün məsuliyyət hissinin artırılması deməkdir. Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşdirilən qrantların öz mahiyyəti üzrə, düzgün, səmərəli şəkildə sərf olunmasına çalışırıq və məhz bu səbəbdən monitorinqlərin keçirilməsini vacib hesab edirik.