ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ ƏLİ NAĞIYEVİN ÇIXIŞI
Əziz ismayıllılılar!
Azərbaycanın Baş naziri İlham Əliyevin ünvanına xoş sözləriniz və hərarətli alqışlarınız bir daha göstərir ki, hər bir ölkənin inkişafında şəxsiyyətin rolu böyükdür. Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev Azərbaycanın gələcəyidir.
Cənab İlham Əliyev möhtərəm Prezidentimizə kömək etməyə başladığı ilk günlərdən ona tapşırılmış vəzifələri bütün sahələrdə layiqincə yerinə yetirmişdir və Azərbaycan dövlətinin çiçəklənməsi naminə Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzunu yüksəldən və xalqımızın haqq səsini dünyaya çatdıran məhz İlham Əliyev olmuşdur.
Avropa Şurasında Ermənistanı işğalçı dövlət kimi tanıdan İlham Əliyevin rəhbərlik etdiyi deputat qrupu olmuşdur. Məhz bu keyfiyyətlərinə görə mən İlham Əliyevi Azərbaycanın gələcəyinin təminatçısı kimi görürəm.
Bu gün biz şəhid ailələri və əlillər üçün tikilmiş binanın açılış mərasiminə toplaşmışıq. Bu, bir daha göstərir ki, dövlətimiz tərəfindən bu insanlara yüksək qayğı göstərilir. Bu qayğıya görə biz hörmətli Baş nazirimizə öz təşəkkür və ehtiramımızı bildiririk.
Hörmətli Baş nazir, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin vəsaiti hesabına indiyədək 700-dən artıq Qarabağ əlilinə yeni mənzil verilmişdir. Bundan başqa, onların böyük əksəriyyəti OKA markalı avtomobillə təmin edilmişdir. Bu göstəricilərə görə Azərbaycan MDB məkanında, demək olar ki, bütün dövlətləri qabaqlayır.
Bu gün mən Sizi əmin etmək istəyirəm ki, rəhbərlik etdiyim nazirlik şəhid ailələrinin və Qarabağ əlillərinin sosial müdafiəsini gücləndirmək üçün öz səmərəli fəaliyyətini davam etdirəcəkdir.