ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ OMBUDSMANIN İŞTİRAKI İLƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın iştirakı ilə müşavirə keçirilmişdir.
Nazir Əli Nağıyev müşavirəni açaraq dedi ki, ombudsmanın fəaliyyəti nazirliyin işinin istiqamətləri ilə xeyli dərəcədə bağlıdır. Hazırda Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 260 min əlil və işsiz qeydiyyata alınmışdır və ombudsman təsisatına şikayətlə müraciət edənlərin əksəriyyəti də məhz onlardır. Əli Nağıyev bildirdi ki, müşavirənin keçirilməsindən məqsəd bu sahədə mövcud olan problemlərin həlli üçün nazirliklə ombudsman arasında hərtərəfli əlaqələr yaratmaqdır.
Elmira Süleymanova əlamətdar yubiley - Yeni Azərbaycan Partiyası yaradılmasının 10-cu ildönümü münasibətilə nazirliyin kollektivini təbrik edərək bildirdi ki, bu partiyanın yaradılması ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsində əsas amil olmuşdur.
O, ombudsman təsisatının aparıcı mütəxəssislərini müşavirə iştirakçılarına təqdim etdi və bu qurumun strukturu, son vaxtlar görülmüş işlər barədə məlumat verərək dedi ki, respublikanın bir sıra rayonlarında icra hakimiyyəti orqanlarının, məhkəmələrin, polis nümayəndələrinin iştirakı ilə zona müşavirələri keçirilmiş, bu tədbirlərdə ombudsmanın ünvanına gəlmiş şikayətlərə baxılmış və onların əksəriyyəti təmin olunmuşdur.
Müşavirədə ölkənin Əmək Məcəlləsinin bir sıra müddəaları nəzərdən keçirildi. Ombudsman mütəxəssislərinin fikrincə Məcəllənin bir sıra müddəalarını təkmilləşdirməyə ehtiyac var. Pensiyaçıların vəziyyətini yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülməsinə dair təkliflər irəli sürüldü, geniş fikir mübadiləsi aparıldı.
Əli Nağıyev müşavirəyə yekun vuraraq bildirdi ki, nazirliyin ombudsman təsisatının şöbələri ilə bilavasitə əlaqə saxlayacaq idarələri yaxın günlərdə müəyyən ediləcəkdir.