MƏDƏNİYYƏT
Əməkdar artist Yaqub Zurufçu şəhidlərimizə həsr olunmuş mahnı bəstələyib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Sevilən səs sahibi, Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı mahnı bəstələyib. Mahnının sözləri tanınmış şairə Solmaz Şirvanlıya məxsusdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Əməkdar jurnalist Rəhman Orxan məlumat verib.
Bildirib ki, Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının, Qarabağ uğrunda haqq döyüşlərinin ön sıralarında olmuş, “Ayrılıq” və digər vətənpərvər mahnıları ilə öz mübariz səsini xalqın səsinə qatmış, Vətənimizin xoş günlərinin sorağında olmuşdur. Böyük el məhəbbəti qazanmış ustad müğənni ötən illərdə olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə dərin inam bəsləmişdir. Lakin möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, mərdliklə, qəhrəmancasına vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri Yaqub bəyin də qəlbində ağır bir daş kimi asılıb qalmışdı. O, öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir “musiqi abidəsi” ucaldıb.
Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqunun sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsi olduğunu söyləyən Rəhman Orxan deyib: “Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm üzünü bir də heç vaxt görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün lay-lay kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi şad və rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə dinləyiciyə çatdırır.
Otuz bir il əvvəl, 1990-cı ilin 20 Yanvar günü azadlıq, müstəqillik eşqi ilə doğma Bakımızın küçələrində sovet imperiyasına, onun azğın, vəhşiləşmiş ordusuna qarşı çıxaraq, cəsarətlə, qorxu bilmədən tankların üzərinə şığıyıb həlak olan oğulların, 1-ci Qarabağ savaşında və bizim böyük Qələbəmizlə başa çatan Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olan igidlərimizin analarının, doğmalarının qəlbinə az da olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyası onu kövrək duyğular üzərində bəstələyərək, həm də həzin bir tərzdə, Vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına sonsuz məhəbbətlə ifa edən sevimli sənətkarımız Yaqub Zurufçunun və mahnının qəlb titrədən sözlərinin müəllifi Solmaz Şirvanlının şəhidlərimizin ölməz ruhuna böyük, sevgi dolu ehtiramlarının ifadəsidir”.