Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır
Bakı, 26 may, AZƏRTAC
İnfrastrukturun inkişafı əmlakın uzunmüddətli dəyərini və “Sea Breeze” layihəsinin investisiya cəlbediciliyini təmin edən əsas amillərdən biridir. Sahil xəttinin genişmiqyaslı kurort ərazisi kimi inkişaf etdirilməsi ideyası layihənin həyata keçirilməsindən çox əvvəl ortaya çıxmışdı.
AZƏRTAC xəbər verir ki, bu açıqlamanı “Agalarov Development” şirkətinin prezidenti və “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında verib.
O qeyd edib ki, “Sea Breeze”in əsas üstünlüklərindən biri artıq istifadəyə verilmiş obyektlər ətrafında infrastrukturun davamlı olaraq genişlənməsidir.
Sahibkar vurğulayıb: “On il əvvəl burada əmlak alan birinin indi tamamilə fərqli bir infrastruktura çıxışı var. İndi əmlak alan hər kəs bir neçə il ərzində ətraf ərazidə əhəmiyyətli inkişafların şahidi olacaq”.
Layihənin təsisçisinin sözlərinə görə, ərazidə yeni ictimai məkanların və xidmətlərin yaradılması davam edir. Planlar beynəlxalq otel operatorlarının daha çox cəlb edilməsini, restoran sektorunun inkişafını, təhsil və tibb müəssisələri də daxil olmaqla sosial infrastrukturun genişləndirilməsini nəzərdə tutur.
E. Ağalarov vurğulayıb ki, infrastrukturun inkişafı əmlakın kapitallaşdırılmasına birbaşa təsir göstərir və onun sahibləri üçün əlavə dəyər yaradır.