ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin növbəti iclası olub
Bakı, 26 may, AZƏRTAC
ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti (GWU) arasında icra olunan ikili diplom proqramları üzrə Rəhbər Komitənin növbəti iclası mayın 12-də ABŞ-nin Vaşinqton şəhərində baş tutub.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.
Corc Vaşinqton Universitetində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndələri, habelə hər iki ali təhsil müəssisəsinin rəhbər və professor-müəllim heyəti iştirak ediblər.
Görüşdə ADA Universitetindən akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, tələbə qəbulu və xidmətləri üzrə prorektor Günay Ziyadova və İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov iştirak ediblər.
Bununla yanaşı, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya iclasa onlayn formatda qoşularaq gündəlikdəki mühüm məsələlərin müzakirəsində iştirak ediblər.
Corc Vaşinqton Universiteti tərəfindən isə Kompüter elmləri kafedrasının sədri Rebeka Ha, Elektrik və kompüter mühəndisliyi kafedrasının sədri Tarik Əl-Qazavi və həmin kafedranın sədr müavini Can Korman iştirak edərək proqramlara yeni tələbələrin cəlb olunması və universitetlər arasında akademik heyətin mübadiləsi imkanlarını nəzərdən keçiriblər.
Görüş zamanı ADA universiteti və Corc Vaşinqton universiteti arasında əməkdaşlığa dair müqaviləyə dəyişiklik sənədi imzalanıb.
İclasda, həmçinin dəvət olunmuş qonaq qismində ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd və ADA Universitetinin magistratura üzrə akademik məsləhətçisi Fidan Qüvvətli iştirak ediblər.
Rəsmi müzakirələr çərçivəsində tərəflər Kompüter elmləri və data analitikası, Elektrik və elektroenergetika mühəndisliyi və Kompüter mühəndisliyi və yüksək məhsuldarlıqlı hesablamalar üzrə magistr ikili diplom proqramlarının ümumi dəyərləndirilməsini aparıblar.
İclasda tələbə fəallığı və sinif inteqrasiyası, ikili diplom tələbələrinə diplomların verilməsi proseduru, birgə proqramların professor-müəllim heyətinin peşəkar inkişafında rolu və doktorantura (PhD) proqramlarına tələbə axınının gücləndirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Vaşinqtonda səfərdə olan ADA Universitetinin rəhbər heyəti Corc Vaşinqton Universitetində Elektrik mühəndisliyi proqramı üzrə məzun olan tələbələrin Məzun günündə iştirak ediblər.
Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə strateji əməkdaşlıq çərçivəsində Kompüter elmləri və data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramlarını uğurla tədris edir. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 117 tələbədən 103-ü artıq təhsil müddətini tamamlayaraq məzun olub.