Sərxan Hacıyev: İnanırıq ki, U-20 millimiz dünya çempionatında layiqli mübarizə aparacaq
Bakı, 26 may, AZƏRTAC
İnanırıq ki, hazırlıq prosesləri nəticəsində U-20 millimiz dünya çempionatında layiqli mübarizə apara biləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, yığmanın 2027-ci ildə ölkəmizdə və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının hazırlığına bu ilin aprel ayından başladığını xatırladıb: “Komandanın ilk təlim-məşq toplanışı Qəbələdə təşkil olundu. Növbəti hazırlıq prosesi də eyni məkanda keçiriləcək. Bu toplanış hazırlıq xarakteri daşıyacaq. Eyni zamanda, hazırlıq prosesi çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulur. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
AFFA rəsmisi U-20 millisinin dünya çempionatındakı perspektivlərinə nikbin yanaşdıqlarını vurğulayıb: “Azərbaycan futbolunda gənclər səviyyəsində final mərhələsində iştirak təcrübəsi artıq mövcuddur. 2016-cı ildə U-17 yığmamız Avropa çempionatının final mərhələsində çıxış edib. Həmin turnirdə komandamız ilk görüşdə sonradan Avropa çempionu olan Portuqaliyaya böyük hesabla məğlub olsa da, qrupdakı digər iki oyunda 4 xal toplamağı bacarmışdı. Belçika ilə heç-heçə edən komandamız Şotlandiya üzərində qələbə qazanmışdı. Bu baxımdan inanırıq ki, hazırlıq prosesi nəticəsində U-20 millimiz də dünya çempionatında layiqli mübarizə apara biləcək”.