Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir
Bakı, 26 may, AZƏRTAC
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı ardıcıl olaraq inkişaf etdirməyə, ticarət əlaqələrini və maliyyə əməkdaşlığını genişləndirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov “Sea Breeze”də keçirilən “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.
Diplomatın sözlərinə görə, iki ölkə arasında müxtəlif səviyyələrdə intensiv əlaqələr davam edir ki, bu da ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verir.
Yevdokimov Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara yaxınlaşdığını qeyd edib.
O, həmçinin maliyyə sektorunda əməkdaşlığın vacibliyini vurğulayıb və milli valyutalarla hesablaşmaların rahatlığını qeyd edib.
“Azərbaycanda fəaliyyət göstərən Rusiya biznesləri milli valyutalardan - rubl və manatdan istifadə üçün əlverişli şəraitin olduğunu qeyd edirlər”, - deyə səfir bildirib. Onun sözlərinə görə, əməkdaşlıq hökumətlərarası səviyyədə də inkişaf edir: iki ölkə rəhbərliyi arasında müntəzəm əlaqələr saxlanılır, birgə komissiya iclasları keçirilir və parlament nümayəndələrinin iştirakı ilə yeni tədbirlər hazırlanır.
Diplomat ikitərəfli münasibətlərdə mövcud problemlərin işlək şəkildə həll olunduğunu və ümumi kursun bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldiyini vurğulayıb.