"Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3” layihəsi yekunlaşıb
Bakı, 26 may, AZƏRTAC
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Koreya Respublikası hökümətinin “İTF İnsan Təhlükəsizliyinin Artırılması” vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3” adlı layihənin icrasını uğurla yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik ailə təsərrüfatlarının yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdir.
Hafiz Səfixanov qeyd edib ki, bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində, adətən, 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir.
“Ailə gəlirinin artması daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanları yaratmaqla özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Layihə benefisiarlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində mina problemləri ilə məşğul olan QHT-lərlə görüşlər keçirililib. Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan 52 mina qurbanı ilə görüş olub, onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilib. Layihə benefisiarı olaraq 12 mina qurbanı (1 qadın, 11 kişi) müəyyən edilib, onların öz istəklərinə uyğun bütün lazimi mal, material və avadanlıq yerli bazarlardan alınaraq təhvil verilib. Layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarları hesab olunur. Bundan başqa mina qurbanları üçün alınmış mal, material və avadanlıq satanlar (ümumilikdə 27 nəfər) da layihədən faydalananlardır. Bütün bu insanların yaşadıqları icmalar da layihədən faydalananlar hesab olunur”, - deyə o diqqətə çatdırıb.
Hafiz Səfixanov deyib ki, layihənin benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülki şəxslərdir. Layihənin birbaşa benefisiarlarından 3-ü şəhid ailəsi üzvüdür, 4-ü mina təmizləmə əməliyyatları zamanı partlayışa məruz qalanlardır, 1-i isə polis əməkdaşıdır. “Benefisiarlar 20 – 64 yaş arasındadır. Bir neçə monitorinq aparılıb və məlum olub ki, benefisiarlar öz bizneslərinə bağlıdırlar, müqavilə öhdəliklərinə əməl edirlər. Bildirilib ki, artıq bəzi benefisiarlar istehsal etdikləri məhsulları sataraq maliyyə gəlirləri də əldə edirlər. Layihə çərçivəsində keçirilmiş görüşlərdə digər mina qurbanları və onların ailə üzvləri də kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıq, qoyunçuluq, arıçılıq, quşçuluq yeminin istehsalı və satışı ilə məşğul ola biləcəklərini, bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Azərbaycandakı mina qurbanlarının sayını nəzərə alaraq inanır ki, digər donor ölkələr və təşkilatlar da bu tip layihələrə maliyyə dəstəyi verəcək və bununla da digər rayonlardan olan mina qurbanlarına da iqtisadi imkanların yaradılması həyata keçiriləcək”, - deyə o vurğulayıb.
Müxbirlər - Nailə Həsənova, Lalə Minasazova