“Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” – monoqrafiya
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının qərarı ilə kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimlinin “Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” adlı monoqrafiyası nəşr edilib. Monoqrafiya 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə və iştirakçılarının xatirəsinə ithaf olunub.
Monoqrafiya AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə çap edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiya türk xalqlarının tarixi-mədəni inkişafında milli ideyanın formalaşma mərhələlərini və onun etnomental dəyərlərlə qarşılıqlı əlaqəsini kompleks şəkildə araşdırır. Əsərdə türk dünyagörüşünün genezisi, mifoloji təfəkkür qatları, dövlətçilik ənənələri və mənəvi-əxlaqi prinsiplər vahid konseptual sistem daxilində təhlil olunur. Müəllif milli ideyanın yalnız siyasi konsepsiya deyil, həm də kollektiv yaddaş, dil, adət-ənənə və mədəni varislik mexanizmləri ilə şərtlənən mənəvi fenomen olduğunu əsaslandırır.
Monoqrafiyada etnomental dəyərlərin formalaşmasında tarixi şərait, coğrafi mühit və sivilizasiyalararası əlaqələrin rolu xüsusi vurğulanır. Türk mədəniyyətində vəhdət, ədalət, qəhrəmanlıq və sosial həmrəylik kimi dəyərlər milli identikliyin aparıcı komponentləri kimi təqdim edilir. Əsər, həmçinin müasir dövrdə türk xalqları arasında inteqrasiya meyillərini, qloballaşmanın milli kimliyə təsirlərini və ortaq türk kimliyinin möhkəmlənməsi üçün nəzəri-praktik tövsiyələri diqqətə çatdırır. Türk xalqlarının tipologiyası, bədii düşüncə və milli kimlik, Türk dünyasının birlik strategiyası problemləri, vəzifələr və onların həlli yolları təhlil edilir.
Kitab ümumtürk mədəniyyətini tədqiq edən, eləcə də Azərbaycan türklərinin ümumtürk tarixi və mədəniyyətində yerini araşdıran tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.