Endrü Parsons: “Tokio 2020” Paralimpiya Oyunlarının medallarının dizaynında heç bir problem yoxdur
Tokio, 14 sentyabr, AZƏRTAC
Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Cənubi Koreyanın “Tokio 2020” Paralimpiya Oyunları üçün hazırlanan medalların dizaynında problemlərin olması barədə iradını qəbul etməyib. Seulun qənaətinə görə, həmin medalların dizaynında “Doğan Günəş” bayrağının elementləri var ki, bu da yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bu barədə BPK prezidenti Tokioda həmin oyunlarda iştirak edəcək ölkə və ərazilərin nümayəndələri ilə görüşdən sonra jurnalistlərə bildirib.
E.Parsons deyib ki, həmin görüş zamanı Cənubi Koreya Paralimpiya Komitəsi medalların dizaynının dəyişdirilməsini xahiş edib. Onların qənaətinə görə, “Doğan Günəş” bayrağı Yaponiyanın militarist keçmişinin rəmzi hesab olunur.
Lakin E.Parsonsun fikrincə, açılmış yapon yelpiyinin motivləri əsasında yaradılan medalların dizaynı mükəmməldir. Buna görə də, onların dizaynını dəyişməyə heç bir ehtiyac yoxdur.
Yaponiya Olimpiya və Paralimpiya Komitəsinin bəyanatında isə bildirilir ki, medalların dizaynı zamanı qarşıya heç bir siyasi məqsəd qoyulmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio