Əqli Mülkiyyət Agentliyində Ümummilli Liderin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
Bakı, 11 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan Respublika Elmi-Texniki Kitabxanası direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Mübariz Məmmədli Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətlərindən, dövlətçilik təcrübəsindən, yüksək idarəçilik keyfiyyətlərindən bəhs edib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşavirləri Fərid Cəfərov və Akif Təvəkküloğlu Ümummilli Lider Heydər Əliyev haqqında xoş xatirələrini bölüşüblər. Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev irsinin milli sərvətimiz olduğu vurğulanıb, əbədilik qazanan liderimizin şərəfli həyat yolundan bəhs edilib. Bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin Heydər Əliyevin siyasəti nəticəsində qoyulduğu xüsusilə vurğulanıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Respublika Elmi-Texniki Kitabxanasına hədiyyə edilən “Azərbaycan deyəndə” adlı sənədli film nümayiş etdirilib. Filmdə dahi şəxsiyyətin mənalı həyat yolundan, zəngin dövlətçilik təcrübəsindən, rəhbərlik etdiyi illərdə göstərdiyi misilsiz xidmətlərdən bəhs edilir.