Erkən İslam tarixinin azərbaycanlı tədqiqatçıları haqqında kitab çapdan çıxıb
Bakı, 1 mart, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovun “Erkən İslam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlı tədqiqatçıların əsərlərində” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, mərhum şərqşünas alim Esmeralda Həsənovanun redaktoru olduğu kitabda azərbaycanlı tədqiqatçıların erkən İslam tarixi haqqında tədqiqatları ümumiləşdirilib, ərəb dilində olan əsərlərlə müqayisəli şəkildə araşdırılıb.
Azərbaycan tarixinin xeyli hissəsi xilafətlə bağlı olduğundan İslam tarixinin öyrənilməsi məsələsi həmişə önəmli olub. Erkən islam tarixinin Azərbaycanda öyrənilməsi sahəsində şöhrət qazanmış bir sıra alimlərin elmi fəaliyyətlərinin araşdırılmasının xalqımızın mənsub olduğu İslam dini mədəniyyətinin və tarixinin öyrənilməsində müstəsna rolu var. Elmin bütün sahələrində olduğu kimi İslam dininin tarixi sahəsində də elmi təfəkkürü ilə seçilən tədqiqatçılarımızın çoxlu mənbələri araşdırmaları və dəyərli nəticələri hər zaman mühüm əhəmiyyət kəsb edib və etməkdə davam edir. Azərbaycanda Abbasqulu Ağa Bakıxanovdan tutmuş Ziya Bünyadov, Əbdülkərim Əlizadə, Sara Aşurbəyli, Oqtay Əfəndiyev, Nailə Vəlixanlı, İlyas Babayev, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov və başqa onlarca tədqiqatçılarımız Azərbaycan tarixi, İslam tarixi və islamla bağlı yüzlərlə qiymətli tədqiqat əsərləri yazıb ortaya qoyublar. Əmmar Abbasovun kitabında bu alimlərin əsərlərində erkən İslam tarixi və onunla bağlı Azərbaycan tarixi haqqındakı fikirləri bir yerə cəmləşdirilərək, onların əsasında həqiqi erkən islam tarixi oxuculara təqdim edilib. Yeri gəldikcə, onların müraciət etdikləri ərəb, fars və başqa dilli mənbələrə də müraciət edilib.
Kitab giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə Azərbaycan tədqiqatçılarının əsərlərində İslamın erkən dövrü, Məhəmməd peyğəmbər və yəhudi, xristian münasibətləri, peyğəmbərin Mədinə həyatı, eləcə də Bədr, Uhud, Xəndək, Xeybər döyüşləri, Məkkənin fəthi, Əhli-beyt haqqında və s. mövzularda yazılanlardan bəhs edilir. İkinci fəsildə Raşidi xəlifələr dövründən, xəlifələr Əbubəkr, Ömər, Osman, Əlidən, Cəməl, Siffeyn-Siffin döyüşlərindən bəhs edən tədqiqatlar barədə məlumat verilir. Üçüncü fəsildə ilk Əməvi və ya Süfyani xəlifələr dövründən bəhs edilir.