Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımından 110 il ötür
Bakı, 9 fevral, Elvira Məmmədova, Tərgül Ağayeva, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının 110 illiyi” ilə bağlı “dəyirmi masa” keçirilib. Tədbiri Tarix Muzeyi www.1905.az portalı ilə birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nı Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq soyqırımının mahiyyətindən danışıb. Bildirilib ki, 110 il əvvəl - 1905-ci il fevralın 6-9-da erməni silahlı dəstələri Bakıda amansız qırğın törədib. Sonrakı mərhələdə Cənubi Qafqazın bir çox şəhərlərinə yayılan və 1905-1906-cı illəri əhatə edən bu qırğınlar böyük tələfat və dağıntılara səbəb olub.
N.Vəlixanlı ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanın əhəmiyyətini qeyd edib.
Muzeyin yaranma tarixindən danışan N.Vəlixanlı bildirib ki, bu qurum Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisədir. Muzey 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yenicə təşkil olunmuş “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılıb.
“1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev bildirib ki, bu portal ermənilərin Azərbaycana gəlişi, azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Portalda mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahid ifadələri, foto və digər materiallar təqdim olunur. Resurs 12 dildə fəaliyyət göstərir. 2014-cü il martın 28-dən fəaliyyətə başlayan “1905.az” portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ermənilərin azərbaycanlılara qarşı başladığı soyqırımı siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.
Tədbirdə çıxış edən tarixçi alimlər 1905-ci il hadisələrini ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımı siyasətinin tərkib hissəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, tədbirin muzeydə keçirilməsi rəmzi məna daşıyır. Çünki həmin hadisələrlə bağlı barışıq missiyasının iclası da məhz bu binada - Hacı Zeynalabdin Tağıyevin mülkündə keçirilib.
Tədbirdə iştirakçılara soyqırımlarından bəhs edən kitablar paylanıb.