CƏMİYYƏT
Ermənistan ordusunda iki əsgər qətlə yetirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Ermənistan ordusunda 2 əsgər qətlə yetirilmişdir. Bu ölkənin KİV-nin verdiyi məlumatda deyilir ki, Heharkun rayonunda yerləşən hərbi hissədə xidmət edən əsgər Samvel Avetisyan avtomat silahdan açılmış atəş nəticəsində ölmüşdür. Müdafiə Nazirliyinin rəsmiləri hadisəni özünəqəsd kimi dəyərləndirirlər. Lakin ilkin araşdırmalar və S. Avetisyanın əsgər yoldaşlarının ifadələri onu deməyə əsas verir ki, əsgəri yaxın məsafədən avtomatla vurmuşlar.
Digər hərbi hissədə isə Qor Martirosyan adlı əsgər təlim zamanı ölmüşdür. Əsgərin cəsədinin yarılması zamanı məlum olmuşdur ki, o, ölməzdən bir neçə saat əvvəl zabit tərəfindən möhkəm döyülmüşdür.
Hər iki qətl hadisəsi ilə bağlı cinayət işi açılsa da heç kəs həbs edilməyib. Ermənistan mətbuatı yazır ki, indiyə qədər orduda baş verən qətl hadisələri ilə bağlı cinayət işləri açılsa da heç kəs cəza almayıb. Əsgərlərin qətlə yetirilməsi ilə bağlı çoxlu açıq qalan cinayət işi vardır.