Ermənistanın mina xəritələrini hələ də Azərbaycana verməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır – Analitik
Bakı, 16 oktyabr, AZƏRTAC
Ermənistan tərəfindən Azərbaycanın vaxtilə işğal altında saxlanılan torpaqlarında basdırılmış minalara dair autentik xəritələrin tam şəkildə Bakıya hələ də təqdim edilməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan 1980-ci il “Konvensional Silahlar Haqqında Konvensiya” və 1997-ci il Ottava Konvensiyasına qoşulmasalar da, cari mina problemi beynəlxalq adət hüququnun normaları baxımından nəzərdən keçirilə bilər. Bu normaların bir qismi 1980-ci il Konvensiyasına əlavə edilmiş II Protokolda kodifikasiya edilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas və siyasi analitik Orxan Amaşov söyləyib.
Analitikin sözlərinə görə, Ermənistan dövləti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra mina xəritələrinin qaytarılması məsələsindən boyun qaçırmaq məqsədilə mövzu ilə əlaqədar müddəanın olmamasını irəli sürməklə yanaşı, beynəlxalq adət hüququnun arxaik interpretasiyasına müraciət etdi. İrəvanın arqumenti ondan ibarət idi ki, onlar vaxtilə mina basdırılmış ərazilərə nəzarət etmədiklərinə görə xəritələri təqdim etmək öhdəliyi daşımırlar. 1980-ci il Konvensiyasına əlavə edilmiş II Protokolun ilkin mətnində “tərəflər arasında əməkdaşlıq” təşviq olunur və ozamankı praktikada əraziləri minalanmış dövlət və ya yaxud minalanmış əraziyə nəzarət etmək imkanlarına sahib olan ölkə minadan təmizlənmə işini böyük ölçüdə birtərəfli qaydada həyata keçirməli idi. Lakin sözügedən II Protokolun yeni forması, daha dəqiq desək, onun 3-cü maddəsinin 2-ci hissəsi nəzərdə tutur ki, minaları basdıran tərəfin onların təmizlənməsinə münasibətdə də öhdəliyi var və formalaşmış praktikaya əsasən, bu öhdəlik özündə müvafiq mina xəritələrinin qarşı tərəfə verilməsini ehtiva edir. BMT-nin müvafiq sənədlərində, xüsusilə qurumun Baş katibinin “Minaların zərərsiləşdirilməsinə yardım” (Assistance in Mine Clearance) raportunda da eyni məntiq öz əksini tapıb.
O.Amaşov, həmçinin bildirib: “İkinci mərhələdə Ermənistan tərəfi iddia etdi ki, onlarda Azərbaycan ərazisində basdırılan minalara dair xəritələr yoxdur. Bu arqumentin hüquqi əsası yoxdur. Belə ki, 1980-ci il Konvensiyasının II Protokoluna əsasən, minanı basdıran tərəf onun barədə maddi-texniki bazaya sahib olmalıdır və bu hüquqi öhdəlikdir.
Üçüncü mərhələdə isə Ermənistan mina xəritələrinin qaytarılmasını diplomatik danışıqlarda Azərbaycanda saxlanılan erməni hərbi qulluqçuların azad edilməsi şərtinə bağladı. Onu da qeyd edim ki, Azərbaycanda saxlanılanlar hərbi əsirlər deyil”.
O.Amaşov əlavə edib ki, məsələnin mahiyyəti son 3 ilə yaxın müddətdə dəyişməyib. Ola bilsin ki, bəzi minaların xaotik şəkildə, işğalçı qüvvələrin Azərbaycanın suveren ərazisini tərk edərkən lazımi qeydiyyat işi aparılmadan basdırılması halları ola bilər. Lakin bu ehtimal basdırılan minalara münasibətdə maddi-texniki bazanın çox kiçik hissəsinə aid edilə bilər.
Ermənistan tərəfindən bütün autentik xəritələrin hələ də Azərbaycana verilməməsi İrəvanın işğalçılıq siyasətinin davamıdır. Belə ki, əgər 2020-ci ilə qədər bu işğal Azərbaycanın suveren ərazilərinin birbaşa qəsbi formasında baş verirdisə, indiki mərhələdə xəritələrin təqdim edilməməsi Bakının sözügedən ərazilərdə həyata keçirdiyi quruculuq işlərinin və keçmiş məcburi köçkünlərin Qarabağa qayıtmasının qarşısının alınması şəklində həyata keçirilir.