Ermənistanın son təxribatları sülh müqaviləsi üzrə danışıqları pozmaq məqsədi daşıyır – Hərbi ekspert
Bakı, 12 may, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin mayın 10-dan başlayaraq intensiv şəkildə, xüsusilə də Basarkeçər rayonunun Zod istiqamətində yerləşən üzbəüz mövqelərimizi atəşə tutması münaqişənin yenidən alovlandırılması məqsədilə atılan addımlardan biridir. Ermənistanın bu təxribatları birmənalı olaraq məqsədli şəkildə həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
“Ermənistanın son danışıqlarda, xüsusilə də ABŞ-dakı görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair tələblərdən yayınmaq, sülh müqaviləsi üzrə dialoq prosesini pozmaq məqsədilə növbəti təxribatlara əl atması, nəticə etibarı ilə bu ölkəyə yaxşı heç nə vəd etmir. Ermənistan hakimiyyətinin Moskvada keçirdiyi son görüşlər və Qərb ölkələri ilə apardığı məsləhətləşmələr, bunun ardınca dərhal onların geniştərkibli hərbi komandanlığı ilə görüşləri bu təxribatlarının arxasında digər ölkələrdən olan maraqlı qüvvələrin də dayana biləcəyini söyləməyə əsas verir.
Toqquşmaların miqyasının genişləndirilməsi və Ermənistanın digər rayonlar istiqamətindən də atəşkəsi pozması Ermənistanın eskalasiyanın miqyasını genişləndirmək və nəticə etibarilə yaxın günlərdə nəzərdə tutulan sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Ermənistan bu təxribatlara Azərbaycan tərəfinin cavab verəcəyini çox yaxşı bilir. Bu cavab nəticəsində də danışıqlarda artıq sülh müqaviləsinin deyil, sərhəddəki vəziyyəti müzakirə mövzusuna çevirməyi hədəfləyir. Eyni buna bənzər hadisələr ötən ilin sentyabrında baş verib, həmin dövrdə Ermənistan danışıqlar prosesini bir müddətə pozmağa nail olub.
İstənilən halda Azərbaycan Ordusu baş verən erməni təxribatlarının qarşısını qətiyyətlə alıb və bu gələcəkdə də belə olacaq. Əgər Ermənistan öz təxribatlarına son verməzsə, Azərbaycanın tarixi torpaqlarından suveren ərazilərinə açılan atəşin gələcəkdə təkrarlanmaması üçün daha adekvat, təsirli və səmərəli addımlar atacağı da şübhə doğurmur”, - deyə ekspert bildirib.