EŞİTMƏ QÜSURLU ƏLİLLƏR ARASINDA FUTZAL ÜZRƏ “YAZ” TURNİRİNƏ START VERİLMİŞDİR
Aprelin 7-də Dövlət Texniki Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz” turnirinə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Əlillər Futbol Federasiyasının (AƏFF) təşkilatçılığı, “Bakcell”in sponsorluğu və AFFA-nın dəstəyi ilə keçirilən turnirdə 4 komanda mübarizə aparır.
Yarışın təntənəli açılış mərasimində Azərbaycan dövlət himni səslənmişdi.
AƏFF-nin vitse-prezidenti Şaiq Həmidov bildirmişdir ki, turnirin keçirilməsindən məqsəd ölkə başcısının müvafiq sərəncamına uyğun olaraq, futbolun inkişafına dair Dövlət proqramının icrasını təmin etmək və idmançılarımızın ustalıq səviyyəsini artırmaqdan ibarətdir. Ş.Həmidov Azərbaycanda bu sahənin inkişafının dövlətin daim diqqət mərkəzində olduğunu söyləyərək vurğulamışdır ki, “Yaz” turniri üçüncü dəfədir ki, keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər bildirmişlər ki, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, gənc nəslin sağlam həyat tərzinə meylinin artırılması baxımından belə turnirlərin müxtəlif yaş qrupları üzrə və mütəmadi şəkildə keçirilməsi çox vacibdir.
Bildirilmişdir ki, turnir iyunun 22-dən 28-dək Slovakiyanın Preşov şəhərində 16 yaşadək kar əlil uşaqlar arasında baş tutacaq beynəlxalq yarışa hazırlıq xarakteri daşıyır.
Turnir əqli və fiziki cəhətdən qüsurlu uşaqlardan ibarət “Sumqayıt” komandası ilə eşitmə qüsurlulardan ibarət “Birlik” komandaları arasında oyunla başlamışdır.
Aprelin 9-da yekun vurulacaq turnirdə qalib komandalara kubok, ən yaxşı oyunçulara isə müxtəlif qiymətli hədiyyələr təqdim ediləcəkdir.