ELM VƏ TƏHSİL
Eşitmə qüsurlu insanlar üçün yeni xidmət istifadəyə verilib
Bakı, 29 mart, AZƏRTAC
Avstraliyanın eşitmə qüsurlu insanlar üçün milli “National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb. Eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompyuterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Computervorld” jurnalının məlumatına görə, həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyi ilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.
Qeyd edək ki, Avstraliyada “National Relay Service” xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların səkkiz tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə videotərcüməni təklif edir.