İQTİSADİYYAT
“ƏSRİN MÜQAVİLƏSİ”NİN HƏYATA KEÇİRİLMƏSİNDƏ GÖMRÜKÇÜLƏRİN FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, neft strategiyasının reallaşmasında gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşür. 1995-ci ildən başlayaraq bağlanmış müqavilələr əsasında böyük miqdarda yük idxal olunmuş və həmin yüklərin gömrük rəsmiləşdirilməsinin operativ və sadələşdirilmiş qaydada aparılması məqsədi ilə Bakı Baş Gömrük idarəsinin nəzdində “Sahil” gömrük postu yaradılmış, neft və neft məhsullarının, eləcə də enerji daşıyıcılarının gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması, bu növ malların nəqlinə daha əlverişli şərait yaradılması məqsədi ilə “Enerji” gömrükxanası təşkil olunmuşdur.
Bundan başqa, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda fəaliyyət göstərən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının tammiqyaslı işlənilməsi üçün görülən işlərlə əlaqədar Azərbaycan ərazisinə idxal olunacaq böyük miqdarda malların saxlanması və təyinatı üzrə istifadəsi,onların vaxtında və operativ surətdə gömrük rəsmiləşdirilməsindən keçirilməsi məqsədi ilə Sahil qəsəbəsi ərazisində “bp Eksploreyşn Kaspian Si LTD” şirkətinin əməliyyat anbarının yaxınlığında “Yeni Sahil” gömrük postu yaradılmışdır.