Etibar Abbasov: Bu gündən Utilizasiya Fonduna vəsaitlərin daxil olması həyata keçirilir
Bakı, 1 fevral, AZƏRTAC
Bu gündən Utilizasiya Fonduna vəsaitlərin daxil olması həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.
"Maliyyə Nazirliyi tez bir zamanda fond hesabı açdı. Dünəndən Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə də danışıqlar aparırdıq ki, tez zamanda vəsaitlərin ödənilməsini təmin etsinlər. Hər iki qurumda işlər yekunlaşıb. Burada əsas iki məsələ var. Bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcək. Burada hər bir şəxs istədiyi zaman istismara yararsız nəqliyyat vasitəsini gətirib təhvil verərək bu proqrama qoşula bilər. Eyni zamanda, bu fond büdcə tərkibində olan fonddur. Büdcədə də qayda belədir ki, il bitəndən sonra oradakı bütün qalıq vəsaitlər büdcəyə köçürülür. Amma burada əsas məqsədimiz odur ki, bu fonda daxil olan vəsaitlər növbəti ildə də istifadə oluna bilsin. Yəni, qalıq vəsaitlər növbəti ilə keçəcək və yalnız bu proqram üçün istifadə olunacaq.
"Eyni zamanda, “Təmiz Şəhər” ASC olaraq artıq biz işə başlamışıq ki, həmin proqramı tam olaraq avtomatlaşdıraq. Həmin proqrama qoşulanlar proqram təminatı vasitəsilə ərizə ilə müraciət edəcəklər və özləri də icraatın hansı mərhələdə olduğunu izləyəcəklər. Həmçinin dövlət orqanları da öz funksiyalarına uyğun olaraq proqram təminatı vasitəsilə prosesləri izləyə biləcək", - deyə E.Abbasov əlavə edib.