Faiq Həsənov: Şəhriyar Məmmədyarovun dünya şahmat tacını qazanmaq üçün böyük potensialı var
Azərbaycan dünya şahmat aləmində mühüm yer tutur
Bakı, 19 oktyabr, AZƏRTAC
Dünyanın ən qədim idman növlərindən olan şahmatın harada yaranmasına dair yekdil fikir olmasa da, ona bənzər ilk oyunların təxminən 4 min il bundan əvvəl Misirdə mövcud olduğu deyilir. Digər fərziyyəyə görə, bu qədim oyun hindlilər tərəfindən kəşf edilib. Şahmatla bağlı ilk yazılı sənədlərə isə Hindistanda rast gəlinib. Qədim zəka oyunu Hindistandan İrana, oradan ərəb ölkələrinə və daha sonra Avropaya yayılıb. İlk vaxtlar şahmatın adı şatranc olub, sonralar dəyişikliklərə uğrayıb şahmat adını alıb.
Azərbaycanda da bu oyunun qədim ənənələri mövcuddur və ölkəmizdə zaman-zaman böyük şahmatçılar yetişib. Bu gün müasir müstəqil Azərbaycan şahmatının zəfər salnaməsindən qürur hissi keçirərkən ölkəmizdə bu qədim idman növünün inkişafının nə qədər çətin yol keçdiyini də xatırlamaya bilmirik. Azərbaycanda şahmatın zirvəsinə aparan uğurlu yolun bağlanğıcı ötən əsrin 70-ci illərinə, xalqının böyük təəssübkeşi ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə təsadüf edib. Ümummilli Liderin respublikamızda şahmat məktəblərinin təməlini qoyması, bütün rayonlarda bu cür məktəblərin inşası barədə göstərişlərinin bəhrəsini bu gün aydın hiss edirik. O dövrdə bədən tərbiyəsi və idmanın sürətli inkişafına verilən dəqiq istiqamət məhz gələcək qələbələrə hesablanmışdı. Ölkəmizə gətirilən şahmat tacı görkəmli dövlət xadimi Heydər Əliyevin titanik səylərinin nəticəsi idi.
Həmin dövrdə qadın şahmatçılarımızın nailiyyətlərini də xüsusi vurğulamalıyıq. Parlaq qələbələri ilə Azərbaycan şahmat tarixinə yeni səhifələr yazmış Aynur Sofiyevanın SSRİ miqyaslı yarışlarda əldə etdiyi yüksək nəticələr qızlarımızın güclü potensialından xəbər verirdi. On altı yaşlı qızlar arasında SSRİ çempionu, tələbələr arasında dünya çempionatının ikiqat qalibi, həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə milli komandamızın tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatının gümüş mükafatçısı, 1990-cı ildə dünya reytinqinə görə qadınlar arasında on ən güclü şahmatçıdan biri olan Aynur Sofiyeva azərbaycanlı qızların zəka oyunlarını oynamaq üçün heç də zəif olmadığını sübut edib. Firuzə Vəlixanlı, İlahə Qədimova və başqalarının şahmat lövhəsi arxasında dəqiq gedişləri perspektivlərdən xəbər verirdi.
“Məni görməsəydilər bəlkə də, böyük şahmata gəlməzdim”
Aynur Sofiyeva AZƏRTAC-a məxsusi müsahibəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan şahmat məktəbinin böyük uğurlar əldə etdiyini bildirərək deyib: “Ulu öndər Heydər Əliyev şahmatın intellektual oyun olduğunu, xalqımız üçün vacibliyini dönə-dönə vurğulayırdı. Həmin dövrdə idmanın, xüsusən də şahmatın inkişafının dövlət siyasəti səviyyəsinə qaldırılmasında əsas məqsəd, həm kütləviliyin təmin olunması, həm də istedadlı idmançıların yetişdirilməsi idi. Azərbaycanın hər bir bölgəsindən belə istedadlar axtarılırdı, onlarla xüsusi proqramlar əsasında məşqçilər işləyirdi. Yaxşı yadımdadır, Zərdabda keçirilən zona turnirində keçirdiyim oyunları diqqətlə izləyən Respublika Şahmat Məktəbinin məşqçisi Aleksandr Aslanov, - sonralar məşqçim kimi həmişə mənimlə çalışıb, - məni Bakıya dəvət edəndə 7 yaşım var idi. Həmin anda məni görməsəydilər bəlkə də böyük şahmata gəlməzdim. Həyatda qazandığım bütün nailiyyətlərə görə dövlətimizə, ulu öndər Heydər Əliyevə borcluyam”.
Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster A.Sofiyeva qeyd edib ki, sovet dövründə ittifaq miqyaslı turnirlər mühüm əhəmiyyət daşıyırdı və orada dünyanın ən yüksək reytinqli şahmatçıları mübarizə aparırdılar. 1986-cı ildə Azərbaycanın qızlardan ibarət komandanın SSRİ Yay Spartakiadasının qalibi olması yüksək nəticə idi. “Mən həmin dövrdə milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi sahəsində böyük işlərin görüldüyünü xüsusi qeyd etmək istəyirəm. Dövlət qayğısı hamımızı böyük qələbələrə ruhlandırırdı və bizə bəslənilən ümidləri doğrultmaq üçün səy göstərirdik. Sovet dövründə şahmatçıları dəstəkləmək, onların zirvəyə ucalmasına nail olmaq çox çətin idi. Ulu öndər Heydər Əliyevin hərtərəfli diqqət və qayğısı ilə azərbaycanlı şahmatçılar beynəlxalq yarışlarda qələbələrinin sayını getdikcə artırırdılar.
Müstəqilliyin ilk dövründə ölkəmizdə yaranmış çətinliklər bütün sahələrə, eləcə də idmanın inkişafına öz mənfi təsirini göstərdi. Təəssüflə qeyd etməliyəm ki, nailiyyətlərimin ən parlaq dövrü məhz həmin illərə təsadüf edib və idman karyeramı bitirməyə məcbur oldum, - deyə o, əlavə edib
Müasir Azərbaycan, həm də dünyanın şahmat mərkəzlərindən birinə çevrilib
1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyatın bütün sahələrində, idmanda, o cümlədən şahmatda böyük inkişaf dövrünun başladığını vurğulayan A.Sofiyeva müasir Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan mühüm addımların böyük önəmini qeyd edib: “1994-cü ildə ulu öndər Heydər Əliyev yüksək nailiyyətlər əldə etmiş bir qrup gənci qəbul etdi və bir neçə gündən sonra “Tərəqqi” medalı ilə təltif olunmağımız barədə xoş xəbər eşitdik. Şübhəsiz, əməyimizə dövlət tərəfindən verilmiş yüksək qiymət yetişməkdə olan gənc nəsil üçün böyük stimul idi.
Bu gün müasir Azərbaycan həm də dünyanın şahmat mərkəzlərindən birinə çevrilib. Ölkəmiz ən güclü zəka sahiblərinin mübarizə apardıqları nüfuzlu şahmat yarışlarına, beynəlxalq turnirlərə, Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi edib. Müasir dövrdə şahmatın inkişafında əldə olunan tarixi nailiyyətlər ölkəmizin bütün sahələrdə tərəqqisi, yüksəlişi ilə bağlıdır. Ulu öndərin siyasi varisi, layiqli davamçisı İlham Əliyevin məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək yolunda atdığı inamlı addımlar ona ümumxalq məhəbbəti qazandıraraq xalqı daha böyük uğurlara ruhlandırıb. Bugünkü güclü, qüdrətli Azərbaycanın vətəndaşı olmaq qürurvericidir. Əldə edilən böyük qələbələr ölkəmizi daha uca zirvələrə yüksəldir. Bu gün xalqımız bütün sahələrdə möhtəşəm qələbələrə görə dövlətimizə minnətdardır”.
Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbə ...
Azərbaycan idmanının bəxti onda gətirib ki, məhz yarım əsr bundan əvvəl qoyulan möhkəm təməl üzərində bu gün misilsiz nailiyyətlərin qazanılması üçün əsaslı zəmin yaranıb. Dünyada ən gənc FIDE ustası, müstəqil Azərbaycana ilk qızıl medal qazandırmış (1994-cü ildə Rumıniyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında) Qədir Hüseynovun qələbəsini unuda bilmərik. 2009-cu ildə qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov öz görüşlərini heç-heçə ilə başa vurduqdan sonra diqqət Vüqar Həşimova yönələndə iti zəka sahibinin dəqiq gedişləri ilə komandamıza Azərbaycan tarixində ilk dəfə qitə çempionatının qızıl medalını qazandırmasını böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın şahmat tarixində yığmamız artıq üç dəfə Avropa çempionu adına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyev bu böyük nailiyyəti Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbə adlandırıb.
Şahmat tacını Azərbaycana qaytarmaq artıq reallıqdır
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkəmizdə şahmatın inkişafı ilə bağlı fikirlərini AZƏRTAC ilə bölüşərkən bu intellektual idman növünün kütləviliyinin artırılması istiqamətində atılan mühüm addımların perspektivlərindən söhbət açıb: “Müasir Azərbaycan şahmat məktəbinin dünyada qabaqcıl yerlərdə olması çox böyük nailiyyətdir. Yüksək səviyyəli top şahmatçılarımız nəticələri ilə dünyanın diqqət mərkəzindədirlər. Dünya çempionluğu uğrunda mübarizədə birinci olmaq, şahmat tacını Azərbaycana qaytarmaq artıq reallıqdır. Şəhriyar bu ilin əvvəlindən çox yaxşı nəticələr göstərib. Onun iddiaçılar turnirində çıxışını xüsusilə vurğulamaq istəyirəm. İdmanda bəzən bəxt amili də özünü göstərir. Şəhriyarın ikinci olması heç də o demək deyil ki, rəqibindən geri qalır. Dünyanın dörd ən güclü şahmatçısından biri olan zəka sahibinin sabit nəticəsi onun uğurlu gələcəyindən xəbər verir. Dünya şahmat tarixində 2800 və ondan yüksək əmsallı şahmatçılar arasında 6-cı sıradadır. Şəhriyar Məmmədyarovun dünya tacını qazanmaq üçün böyük potensialı var.
Teymur Rəcəbov birinci onluğa çox yaxındır. O, son vaxtlar çox az oynasa da keyfiyyət baxımından diqqəti cəlb edir. Sonuncu olimpiadada bürünc medal alıb əmsalını artırması güclü potensial sahibi olduğunu sübut edir”.
Qadın şahmatçılarımızın nəticələrinə nəzər salsaq, zərif cinsin nümayəndələrinin dünya şahmat aləminə nə qədər sürətlə nüfuz etməsinin şahidi olarıq. Məhz müstəqillik dövründə doğulub boya-başa çatmış bu azərbaycanlı qızlar parlaq istedadları sayəsində yüksək nailiyyətlərə imza atıblar. Faiq Həsənov qadın şahmatçılarımızın ötən il Avropa klub çempionatında “Odlar yurdu”nun tərkibində ikinci olduqlarını bildirib, komandanın lideri Günay Məmmədzadənin gələn il keçiriləcək dünya çempionatına vəsiqə qazandığını vurğulayıb. Xanım Balacayevanın son iki ildə nəticəsini xüsusi qeyd edən federasiya rəsmisi onun Şahmat Olimpiadasında öz lövhəsində qızıl medal qazandığını qeyd edib.
Ölkəmizdə şahmat üzrə Dövlət Proqramının qəbul olunması, pilot layihə kimi müəyyən məktəblərdə şahmatın tədris olunması uşaqların inkişafı baxımından vacib addımlardandır. Yeniyetmə və gənc şahmatçılarımızın qitə, dünya çempionatlarında, beynəlxalq turnirlərdə əldə etdikləri yüksək nəticələr onların bu intellektual idman növündə bilik və bacarıqlarını göstərir. Faiq Həsənov Azərbaycanda gənc şahmatçıların hərtərəfli inkişafının dövlət tərəfindən dəstəkləndiyini qeyd edib. Vitse-prezident deyib ki, müstəqil Azərbaycanın şahmat tarixində elə il olmayıb ki, gənclərimiz Avropa, dünya çempionatından medalsız qayıtsınlar.
Bölgələrdə şahmatın inkişafına diqqət və qayğını xüsusi vurğulayan Federasiyanın vitse-prezidenti Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin gözəl nümunə olduğunu bildirib: “Naxçıvanda, demək olar ki, bütün orta məktəblərdə şahmat fənn kimi tədris olunur. Muxtar respublika rəhbərliyinin əsasını qoyduğu bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən imzalanmış 2009-2014-cü illər Dövlət Proqramının tələblərindən irəli gəlir. Orada belə bir bənd var idi ki, Azərbaycanın bütün məktəblərində şahmat bir fənn kimi tədris olunmalıdır. FIDE-nin prezidenti Naxçıvanda olarkən son illər şahmatın inkişafı üçün görülmüş işləri xüsusi qeyd edib. Bu qədim diyarda qısa müddət ərzində beynəlxalq qrossmeysterlər, ustalar, hakimlər yetişiblər.
Federasiya tərəfindən müxtəlif yaş dərəcələri üzrə respublikadaxili yarışların yüksək səviyyədə təşkilindən danışan F.Həsənov onların sırasında 16 yaşadək respublika şahmat olimpiadasını xüsusi qeyd edib. O bildirib ki, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi ilə birgə yay aylarında, əsasən, dağ rayonlarında, istirahət zonalarında şahmat olimpiadaları keçirilir. Uşaqların burada şahmat yarışlarında iştirak etməklə yanaşı, həm də valideynləri ilə birgə istirahət etmək imkanı da qazandıqlarını vurğulayıb. Qeyd edib ki, bu il Qusardakı analoji yarışda 400-dən çox şahmatçı qüvvəsini sınayıb. Bundan başqa, müxtəlif yaş dərəcələrində təşkil edilən respublika səviyyəli turnirlərdə istedadlı şahmatçılar müəyyənləşdirilərək onların beynəlxalq yarışlarda iştirakı təmin edilir.
Dünən Yunanıstanın Halkidiki şəhərində 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında şahmat üzrə dünya birinciliyi start götürüb. Noyabrın əvvəlində isə İspaniyada 8-10-12 yaşlı oğlan və qızlar arasında keçiriləcək dünya çempionatında şahmatçılarımız mübarizə aparacaqlar. Bu nüfuzlu yarışlarda da ölkəmizi təmsil edən parlaq zəka sahiblərindən yeni qələbələr gözləyirik.