FAO: Aqrar məhsullar sektoru pandemiya şəraitində iqtisadi sarsıntıların öhdəsindən daha yaxşı gəlir
Bakı, 12 iyun, AZƏRTAC
Aqrar məhsullar sektoru digər sahələrlə müqayisədə COVID-19 pandemiyasından daha az zərər çəkib. Lakin burada da itkisiz keçinmək mümkün olmayıb. Ərzaq bazarlarında bu sarsıntını adlamaqdan ötrü bir neçə ay lazım olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində deyilir.
COVID-19 pandemiyasına baxmayaraq, 2020-ci ildə taxıl məhsulları istehsalı dünya miqyasında ötən ildəki rekord səviyyəni 2,6 faiz üstələyəcək. Taxıl satışı həcmi 2020-2021-ci illərdə 433 milyon ton təşkil edəcək ki, bu da əvvəlki mövsümlə müqayisədə 2,2 faiz çoxdur.
2020-ci ildə ət istehsalı bir qədər - 1,7 faiz azalacaq ki, bu da heyvanların xəstəliyi və təminat-satış sistemindəki pozuntularla bağlıdır. Lakin azalma ət məhsullarının bahalaşmasına gətirib çıxarmayıb. Əksinə, 2020-ci ilin yanvarından ətin qiyməti 8,6 faiz aşağı düşüb. Qoyun əti, quş əti və donuz əti qismən ucuzlaşıb.
Dəniz məhsulları bazarı pandemiyadan daha çox ziyan çəkib. Hazırda bir çox balıqçılıq gəmiləri işini dayandırıb, süni balıqyetişdirmə ilə məşğul olan fermalarda da istehsal həcmi azalır. Onlar öz məhsullarını heç yerə sata bilmirlər. Çünki restoranlar işləmir, sərhədlər də bağlıdır.
Ekspertlər hesab edir ki, hazırda aqrar məhsullar sektoru 2007-2008-ci illərin qlobal böhranı ilə müqayisədə iqtisadi sarsıntıların öhdəsindən daha yaxşı gəlir. 2020-ci ildə ölkələrin ərzaq ehtiyatı mövcuddur, onların indiki qiymətləri isə nisbətən aşağıdır. Belə əlverişli vəziyyət qismən onunla da izah edilir ki, bu sektor artıq böhranlı vəziyyətdə işləmək təcrübəsinə malikdir.