FATMAYI KƏND ORTA MƏKTƏBİNDƏ YENİ TƏDRİS KORPUSU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, təhsilimizin inkişafında xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanı və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Nazir ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin uğurlu nəticələrindən söhbət açmış, yeni tədris korpusunun istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Rayon icra hakimiyyətinin başçısı Mirzə Novruzov, Gənclər, İdman və Turizm Nazirliyinin idarə rəisi Firudin Qurbanov ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləmiş, təhsilə və təhsil işçilərinə göstərilən dövlət qayğısından danışmış, xoş arzularını ifadə etmişlər.
Məktəbin direktoru Nuru Nadirov və digər natiqlər 10 sinif otağından və geniş akt salonundan ibarət olan yeni korpusun Gənclər, İdman və Turizm, Təhsil nazirliklərinin, rayon icra hakimiyyətinin köməyi ilə inşa olunduğunu və lazımi avadanlıqla təmin edildiyini diqqətə çatdırmış, minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları sinif otaqları ilə tanış olmuşlar.