FESTİVAL ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR
Avrasiya Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Rüstəm İbrahimbəyov kinonun maliyyələşdirilməsi layihələrinin təklif olunan bəzi modellərindən danışıb bildirmişdir ki, bu modellərdə Qərb sərmayəçilərinin iştirakı nəzərdə tutulur.
Prodüserlər Sergey Selyanov, İqor Kalenov (Rusiya), Florian Endrü (Macarıstan), rejissor Larisa Sadilova (Rusiya) və başqaları təcrübələrini bölüşmüş, öz ölkələrində filmlərin necə maliyyələşdirildiyindən söz açmışlar. Qeyd edilmişdir ki, bir çox obyektiv və subyektiv səbəblər üzündən postsovet məkanının ölkələri Qərb sərmayəçilərini az maraqlandırır, ona görə də bütün imkanları öyrənmək və MDB ərazisində maliyyələşdirmənin yeni yollarını axtarmaq lazımdır.
Seminardan sonra iştirakçılar Fəxri xiyabana gedərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anmış, onun məzarı önünə əklil qoymuşlar. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış “Əbədi məşəl” memorialının önünə də əklil qoyulmuşdur.
Həmin gün “Azərbaycan” kinoteatrında rejissor Larisa Sadilovanın “Dayə tələb olunur” və rejissor Murad İbrahimbəyovun (Rusiya) “Qaçmağı düşünürəm” filmlərinə baxış olmuşdur.