FESTİVALIN TƏŞKİLATÇILARI MƏTBUAT KONFRANSI KEÇİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, uşaq evləri və internat məktəbləri yetirmələrinin V Beynəlxalq bədii yaradıcılıq festivalının təşkilatçıları mətbuat konfransı keçirərək, irimiqyaslı tədbirin mahiyyəti və əhəmiyyətindən danışmışlar. Xatırladaq ki, festival “Dan” Beynəlmiləlçi Gənclər Birliyinin təşəbbüsü və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, gənclər və idman, mədəniyyət və turizm, təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə keçiriləcəkdir. Festivalın Qəyyumluq Şurasının sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevadır.
Beynəlmiləlçi Gənclər Birliyinin sədri Gülarə Teymurova demişdir ki, bu festival başqalarından onunla fərqlənir ki, onun iştirakçıları kimsəsiz və məhdud imkanlı uşaqlardır. Festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Polşa, Ukrayna və Qazaxıstandan 300 iştirakçı folklor nümunələri, rəqslər, mahnılar, tətbiqi sənət nümunələri, öz xalqlarının incəsənətini, adət-ənənələrini təqdim edəcəklər.
Rəsmi açılış mərasimi sentyabrın 8-də Xətai rayonunda “Dan ulduzu” xiyabanının təməlinin qoyulması ilə başlanacaqdır. Elə həmin gün uşaq bayramının iştirakçıları konsert verəcəklər.
Bayramın zirvəsi Yaşıl Teatrda festivalın laureatlarının iştirakı ilə qala-konsert, diplomların və xatirə hədiyyələrinin təqdim edilməsi olacaqdır. Festival “Gənclik” Turizm Mərkəzində dəniz sahilində vida tonqalı, diskoteka və atəşfəşanlıq ilə başa çatacaqdır.
Mətbuat konfransında sponsor təşkilatların - Azərbaycan Beynəlxalq Banklının, AGBank və başqalarının nümayəndələri çıxış etmişlər.