İDMAN
FHN-in İdman-Sağlamlıq Klubunda yüksək nailiyyətlər qazanmış idmançılarla görüş keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun təmsilçiləri beynəlxalq arenalarda keçirilən yarışlarda uğurla çıxışlarını davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Slovakiyanın Koşitse şəhərində minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisi ilk dəfə qitə çempionu adını qazanıb. Milli komandanın üzvlərindən biri Asif Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin giziridir.
Misirin paytaxtı Qahirədə Dünya Karate Federasiyasının təşkilatçılığı ilə 70 ölkənin 870-ə yaxın idmançısının mübarizə apardığı karate idman növü üzrə böyüklər arasında keçirilən Karate 1 “Series A” turnirində isə karate üzrə milli komandanın və nazirliyin karate komandasının üzvü, gənclər arasında Avropa çempionu Murad Hacızadə (+84 kq) şəxsi kumite yarışlarında gümüş medala sahib olub. Beləliklə, Murad Hacızadə öz çəkisində dünya üzrə karate reytinq sıralamasında ən yaxşı 100 idmançı sırasına daxil olaraq FHN-in karate komandasının üzvü kimi tarixə düşüb.
Karateçinin şəxsi məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçisi isə Əməkdar idman ustası, Əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
F.Musayev Avropa çempionatında tarixi uğur qazanmış Asif Zeynalov və Murad Hacızadə ilə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.