CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 48 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 48 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində altı nəfər, o cümlədən Şabran rayonunun Şahnəzərli kəndində “Shacman” markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas olunub. Həmçinin Salyan rayonunun Ərəbqardaşbəyli kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sıxılı vəziyyətdə qalmış bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.